Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər davam edir.
Son günlər ölkə ərazisində xəstəliyə yoluxanların sayında artım nəzərə alaraq, bu gün səhər saatlarından başlayaraq təsdiq olunmuş qrafikə əsasən, Gəncədə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.
Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Kommunal Təssərüfatı İstehsalat Birliyinin xeyli sayda texnikası və xüsusi təlim keçmiş əməkdaşları cəlb olunub. Mərkəzi küçələrlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrdə də xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.
Eyni zamanda, MKTİB-nin əməkdaşları yaşayış binalarında, lift kabinələrində, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında və dayanacaqlarda da tibbi-profilaktik tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd şəhər sakinlərini “COVID-19” virusundan qorumaqdır. Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərdən bir daha xahiş edir ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün vaksin olunsunlar, o cümlədən tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.