Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının yaranmasının 85 illiyinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov çıxış edərək Bəstəkarlar İttifaqının yaranması və tarixi barədə ətraflı məlumat verib. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov çıxış edərək İttifaqın yaranmasının 85 illiyi münasibəti ilə təbrik edib. Sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivləri maraqlı konsert proqramlarını təqdim etdilər. Respublikanın Əməkdar artisti Elçin Elçiyevin rəhbərliyi ilə Xalq çalğı alətləri orkestri, Respublikanın Əməkdar müəllimi Məmməd Cəfərovun rəhbərliyi ilə Gəncə Dövlət Kamera Orkestri biri-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Proqrama dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Telman Hacıyev, Asəf Zeynallı, Tofiq Quliyevin, eləcə də hazırda fəaliyyətini davam etdirən bəstəkarlardan Sərdar Fərəcov, Firəngiz Əlizadə, Aliyə Məmmədovanın, Məmməd Cəfərovun və digərlərinin əsərləri daxil edilmişdir.
Xalq artisti Sevinc İbrahimovanın, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərovanın, solist Zeynəb Hüseynovanın, Gəncə Musiqi Kollecinin tələbələri Günel Hacıyeva və Elvin Nəbiyevin ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.