Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda16 yanvar 2019-cu il tarixində aqrar sektorda böyük iş təcrübəsinə malik Saferoğlu Danışmanlıq MMC-nin mütəxəssisləri ilə görüş keçirilmişdir.İnstitutun direktoru dosent Vüqar Bəşirov BM və TB ETİ-da aparılan elmi-tədqiqat işləri haqqında qonaqları məlumatlandırdı, dünyada və eləcə də ölkəmizdə aqrar sektorun yeni inkişaf trendləri haqda məlumat verdi.
Saferoğlu Danışmanlıq MMC-nin rəhbəri Zaur Səlimov yeni modern aqronomluq modelinin yaranması uğrunda çalışdıqlarını bildirdi və aqrar tədqiqatları istehsalatla əlaqələndirməyin vacib olduğunu qeyd etdi. Pestisidsiz kənd təsərrüfatı məhsulları istehsalının və ekoloji təmiz bazarın yaradılmasının başlıca məqsəd olduğu müasir dövrdə birgə əməkdaşlıq üçün institut tərəfindən təkliflər gözlədiyini bildirdi. Gələcəkdə reallaşa biləcək ideyalar və birlikdə həyata keçirilə biləcək işlər barəsində müzakirələr aparıldı.Görüş zamanı institutun nəzdində yeni yaradılmış “Startapçılar” və “Aqrar İnkişaf Könüllüləri” qrupları xüsusi fəallıq göstəriblər və elmlə istehsalatın əlaqələndirilməsi istiqamətində təkliflərlə çıxış etmişlər.Alimlərin apardığı tədqiqat işlərini fermerlərin problemlərinin həllinə yönəltmək, tədqiqat nəticələrini istehsalatda tətbiq etməklə biznes layihələrinə çevirmək kimi təkliflər bəyənildi və institutun nəzdində gəlir gətirən sahələrin yaradılmasının vacibliyi vurğulandı. Sonda Saferoğlu Danışmanlıq MMC ilə BM və TB ETİ arasında anlaşma memorandumu, əməkdaşlıq müqavilələrinin bağlanacağı haqda razılıq əldə olundu və qonaqlar institutun Bioloji, Fitopatologiya və Zəhər qalığının təyini laboratoriyalarının işi ilə tanış oldular.