Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş təhsil sərgisi keçirilib.
Heydər Əliyev Park-Xiyaban Kompleksində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil işçiləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinləri ilə birgə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra rəsmilər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdləri tərəfindən hazırlanmış əl işləri və rəsmlərlə tanış olublar. Bununla yanaşı, sərgidə “Peşə təmayüllü siniflər” və STEAM layihəsinin tətbiq olunduğu ümumtəhsil müəssisələrinin təqdimatları nümayiş etdirilib. Həmçinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin istedadlı idmançıları tərəfindən müxtəlif idman növü üzrə çıxışlar da nümayiş olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən Elçin Kərimov şagirdləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.
Ardınca sərginin bədii hissəsi başlayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər və ümumtəhsil müəssisələrinin istedadlı şagirdlərinin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla izlənilib. Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Rəqs Ansamblının təqdimatı isə böyük rəğbətlə qarşılanıb.
Sərgi iştirakçılara xoş ovqat bəxş edib və bayram əhval-ruhiyyəsi yaradıb.









