Əmrah Rajapov 11 dekabr 2000-ci ildə Gəncə şəhərində doğulub.12 yaşından Gəncə Şəhər Uşaq Evində yaşayıb. Gəncə şəhərində 34 nömrəli tam orta məktəbdə təhsil alıb. Böyüdüyü Uşaq Evinin müəllim və sakinləri Əmrahın bacarıqlarından, onun mehribanlığından danışırlar. Əmrah şeir yazır, rep oxuyur, rəsm çəkir, maraqlı əl işləri hazırlayırdı. İndi də ona ev olan məkanda həmin əl işləri qorunub saxlanılır.
Böyüdüyü Uşaq Evinin direktoru Nazilə İsmayılova deyir ki, Əmrahı hansı işə yönəldirdilərsə, bacarıqlı olurdu. O, bərbərlik kurslarını da uğurla bitirmişdi.
N.İsmayılova Əmrahın evlə təmin olunduğu zamankı sevincindən danışıb:
“Əmrah Bakıda Məzun evində bir otaqlı mənzillə təmin olunmuşdu. Mənə dedi ki, otağa girəndə çarpayıma uzanıb qollarımı açdım və ilk dəfə hiss etdim ki, mənə məxsus ev var”.
Əmrah həm də “Kəpəz”-in azarkeşi idi. Formasını da özü hazırlamışdı. Bu gün də ağ kofta üzərinə çəkdiyi “Kəpəz forması” dostları tərəfindən yadigar saxlanılır. “Sabah” – “Kəpəz” oyununda komandanın kapitanı Əli Səmədov matçın start fitindən öncə meydanın mərkəzində Əmrahın öz əlləri ilə hazırladığı xüsusi formanı nümayiş etdirib.
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Əmrah Rajapov 8 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 5 aydan sonra DNT analizi ilə tapılıb. 23 fevral 2021-ci ildə Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!