Gəncə İdman Liseyində Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.

Hərbi-vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş tərbiyəsi ilə sıx bağlılıq təşkil edir. Bu yolla gənclərimiz  təhsildə bütün mövcud əlçatan formalar ilə müasir vacib mənəvi-psixoloji keyfiyyətlər ilə təmin edilir. Bu tərbiyənin digər əsas istiqamətlərindən biri də vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsidir.

Gəncə şəhər Təhsil İdarəsi Sovet  İttifaqı Qəhrəmanı  Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar orta təhsil ocaqlarında silsilə tədbirlərə start vermişdir. Belə tədbirlərdən biri də Paşa Hüseynov adına Gəncə İdman Liseyində baş tutmuşdur.

Ədəbi-bədii gecəni liseyin direktoru Mehman Allahverdiyev açmış, Azərbaycan xalqının II Dünya Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açmışdır. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rahilə Əhmədova çıxışında M.Hüseynzadənin göstərdiyi rəşadət və qəhrəmanlıq, bu mövzunun bədii əsərlərdə təcəssümü və onun rəşadət dolu həyatının müasir gənclərimizin təlim-tərbiyəsində oynadığı rolu barədə ədəbi-bədii gecə iştirakçılarında geniş təsəvvür yaratmışdır.

Tədbirə dəvət olunmuş Böyük Vətən Müharibəsi iştirakçısı Tofiq Hüseynov II Dünya Müharibəsi barədə şagirdlərə xatirələrini danışmış, Mehdi Hüseynzadənin timsalında vətənimizin bütün qəhrəman oğullarının göstərdiyi rəşadətin xalqımıza başucalığı gətirdiyini vurğulamışdır.

Ədəbi-bədii gecədə “Uzaq sahillərdə” filmindən fraqmentlər göstərilmiş, liseyin şagirdlərinin ifasında şeirlər söylənilmiş və 10-11-ci sinif şagirdlərinin “Uzaq sahillərdə”əsəri əsasında hazırladıqları səhnəciklər nümayiş etdirilmişdir.

Paşa Hüseynov adına Gəncə İdman Liseyi vətənpərvərlik və hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə  xüsusi önəm verir. Bu mövzuda liseydə Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planı da işlənilib hazırlanmışdır.Bu sırada liseydə Mehdi Hüseynzadənin həyat və fəaliyyətinə həsr olunmuş dəyirmi masa və ədəbi-bədii gecələrin təşkili, Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” filminin müzakirəsinin təşkili, M.Hüseynzadənin həyatı və hərbi fəaliyyətinə həsr olunmuş  rəsm sərgilərinin təşkili, həyatı, fəaliyyəti və II Dünya Müharibəsi dövründə göstərdiyi qəhrəmanlıqlar barədə həmin müharibənin və Qarabağ Müharibəsinin iştirakçıları ilə bağlı dəyirmi masaların və tədbirlərin keçirilməsi, Liseyin 5-11-ci sinif şagirdləri arasında Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadəyə həsr olunmuş “Qəhrəmanlar ölmürlər “ mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi ilə bağlı xüsusi iş planı hazırlanmış və hal-hazırda həyata keçirilməkdədir.

                                                 Ruhulla Zahidov, yazıçı-jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.