GƏNCLƏR VƏ İDEYA-SİYASİ TƏRBİYƏ

Azərbaycanda təhsil sahəsində dövlət siyasəti təhsilin demokratik, dünyəvi prinsiplər əsasında inkişafına hesablan­mış­dır. Bu, özünü təhsilin mühüm və ən əsas qolundan biri olan ali orta təhsil sisteminin inkişafında da göstərir.

Bu gün respublikamızda təhsil sisteminin yenidən qu­rulması, sivil ölkələrin təhsil sisteminə inteqrasiyası və dünya təhsil sisteminə qovuşması üçün məqsədyönlü işlər görülür. Milli təhsilimizdə aparılan genişmiqyaslı islahatların məqsədi təlimin keyfiyyətinin və tədrisin səmərəliliyinin kökündən yaxşılaşdırılmasına xidmət edir. Çünki bu günün  gənclərinin savadlı, bilikli olması Vətənin parlaq gələcəyi de­məkdir.

Müstəqillik qazandığımız dövrdən başlayaraq təhsil ölkəmizin ən əhəmiyyətli və önəmli sahəsi olaraq qalmaq­da­dır. Bu gün Respublikamızda Təhsil İslahatı böyük ruh yük­səkliyi ilə həyata keçirilir. Bu islahatlardan irəli gələn vəzi­fə­lərin icrası Ali və  orta ixtisas təhsil müəssisələrində – kolleclərdə pedaqoqların işgüzarlığının daha da artırılmasına səbəb olmuşdur. Məqsəd Azərbaycan təhsilinin gözəl ənənələrinin daşıyıcıları olacaq sa­vadlı, vətənini və dövlətini sevən, onun uğrunda yaşayıb-ya­rat­mağa can atan  kadrlar hazırlamaqdır. Bu işdə gənclərin ideya-siyasi tərbiyəsi də böyük önəm daşıyır.

Bu gün Ali təhsil ocaqları, həmçinin kolleclərin işi bəzən kütləvi informasiya vasitələri tərəfindən tənqidlərə məruz qalır. Sanki, bu müəssisələrdə ümumi mənzərə çox acı­nacaqlıdır və onların gördüyü işlər yalnız tənqidə layiq gö­rülməlidir. Bu, doğrudan da belədirmi? Əgər bu, həqiqətən belə deyilsə, onda təhsil ocaqlarında  tədris və təlim-tərbiyə işi han­sı dərəcədə müasir dövrlə ayaqlaşır?

Sullarımızı Gəncə Dövlət Regional Kollecin direktoru, kimya elmləri namizədi Fəxrəddin Zeynalov cavablandırır.

R.Z – Fəxrəddin müəllim, rəhbərlik etdiyiniz kol­lecdə gənclərin ideya-siyasi tərbiyəsi hansı səviyyədədir? Ümumiyyətlə, bu tərbiyə hansı ideoloji sahə və işlərdən qay­naqlanmalıdır?

F.Z. – Gənclərimizin ideya-siyasi tərbiyəsi tarixi keç­mi­şimizdən, milli qürurumuzdan qaynaqlanmalıdır. Ən əsas qürur yerimiz isə müstəqilliyimiz, milli dirçəlişimizdir. Öl­kəmiz müstəqillik əldə etdiyi vaxtdan üzü bəri Azərbaycanda təhsilə, elmə böyük diqqət olmuş, bu sahədə böyük dirçəliş baş vermişdir. Bu gün Azərbaycanın sosial-iqtisadi həyatında nəzərə çarpacaq irəliləyişlər hiss olunur. Milli təhsilimiz də bu inkişaf müstəvisində ən önəmli yerlərdən birini tutur.

Bu gün doğma Azərbaycanımız qüdrətlənir, təhsilin sə­­viyyəsi də ilbəil artır, demokratik prinsiplər möhkəmlənir. Ölkəmizdə təhsilin inkişafı sahəsində həyata keçirilən köklü islahatların nəticəsində böyük uğurlara imza atılmışdır. Bu, təhsil işçilərini daha da yaxşı işləməyə, təhsilin, tədrisin key­fiy­yətinin yüksəldilməsinə, təhsillə bağlı dövlət proqramla­rın­dan, norma­tiv sənədlərdən irəli gələn tədbirlərin həyata keçi­rilməsi isti­qamətində fəaliyyətini daha da artırmağa ruhlandır­mışdır.

Dövlətimiz təhsili və təhsil sistemini ölkəmizin in­ki­şafının ən önəmli – prioritet istiqamətlərindən biri kimi hə­mişə diqqət mərkəzində saxlayır. Görülən bu işlər dövlətimizin milli təhsilimizin inkişafına yönəldilən təhsil siya­sətinin uğurla həyata keçirilməsinə bir daha əyani sübutdur. Biz, təhsil işçiləri dövlət başçımızın təhsilə göstərdiyi bu qay­ğıdan sevinir və bi­zə yaratdığı bu gözəl şəraitə görə ona öz də­rin minnətdar­lı­ğı­mızı bildiririk. Bu, həm də bizi daha böyük nai­liyyətlərə ruh­landırıb, Gəncə Dövlət Regional Kollecin müəllim-pedaqoq he­yətini təhsilimizi ən uca zirvələrdə görməyə can atan işgü­zarlığını daha da artırıb.

Kollecdə gənclərin ideya-siyasi tərbiyəsi ilə bağlı işlər təşkilati-idarəetmə fəaliyyəti, metodiki təminat və nəzarət prin­sipləri ilə həyata keçirilir. Təlim-tərbiyə işi kollecin ümu­mi iş planına uyğun şəkildə planlaşdırılır. Tələbələrin düşdüyü ye­ni şəraitə uyğunlaşması, Vətəninə və Dövlətinə məhəbbət his­sinin tərbiyə edilməsi, təhsil aldığı ixtisasın əsaslarına yi­yə­lən­məyə məsuliyyətlə yanaşma, tələbələrin təlim, tədris və tər­biyəsinin səviyyəsinin artırılması, bu, kompleks iş planının tər­kib hissəsi olaraq həmişə qalır. Dövlətçilik ideologiyası əsa­sın­­da tələbələrin vətəndaş-vətənpərvər tərbiyəsinin daha da tək­milləşdirilməsi, sosial fəal şəxsiyyətin formalaşdırılması, on­larda sağlam həyat tərzinin tərbiyə edilməsi, tələbələrin boş və asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi, tələbə təş­kilatı ilə bağlı nəzərdə tutulan bütün işlər kollecdə ideoloji və tərbiyəvi işlərin təşkilində prioritet istiqamətlərdir.

R.Z. – Sadaladığınız bütün bu işlərin icrasına nə­zarət prinsipləri mövcuddurmu? Bu nəzarət məhz kimlər tərəfindən həyata keçirilməlidir?

F.Z. – Kollecimizdə sadalanan bu sahələr konkret şəxs­lərə-nəzarətçi müəllimlərə tapşırılmışdır və bu işlər daim kollecin rəhbərliyinin sıx nəzarəti altında həyata keçirilir. On­ların iş prinsipləri tərbiyəvi və təşkilati işlərin müxtəlif növ­lərinin həyata keçirilməsində böyük əhəmiyyət daşıyır. Şəx­siyyətin sosial inkişafında pedaqoji köməklik və dəstək, tələ­bə­lərin qanuni maraqlarının və hüquqlarının qorunması, on­lar­da vətəndaş mövqeyinin formalaşdırılması yolunda atılan ad­dımlar, tələbə təşkilatının işinin təşkili və s. məsələlərdə veri­lən dəstək kollecin ümumi işinin daha da keyfiyyətlə görülmə­sində böyük rol oynayıb.Tələbələrlə istər fərdi, istərsə də ümu­mi işlər ideoloji işin daha səmərəli qurulmasına xidmət etməli­dir. Əgər bu prinsiplərə riayət edilsə, təhsil müəssisələrində  lazımi atmosfer və gözəl kollektiv yaratmaq mümkündür. Bu işdə pedaqoji işçilərin dövlətimizin təhsil siyasəti və ideolo­giyası üzrə məsələlər haqqında məlumatlılığı da az rol oyna­mır. Kollecdə ideoloji və ideya-tərbiyəvi işlərdə müəllim və tələbələrin birgə fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilmə­sinə, tələbə təşkilatının inkişafına, gənclərin təşəbbüskarlığının daha da artırılmasına yol açır.

R.Z. – Yeni cəmiyyətlərin həmişə yeni ideologiyalara ehtiyacı olur. Bu gün gənclərin vətənpərvərlik tərbiyəsi ide­o­loji işin ən vacib vəzifələrindən biri olaraq qalır. Kol­lecdə gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı vəziyyət nə yerdədir? Bu gün kollec öz vətənpərvərləri ilə fəxr edə bilərmi?

 F.Z. – Gənclərin vətənpərvərlik hisslərinin inkişaf etdi­rilməsi bu təhsil ocağında ideya-tərbiyəvi işin başlıca isti­qa­mət­lərindən biridir. Bu məqsədə çatmaq üçün pedaqoji kollek­tiv mövcud olan bütün metod və vasitələrdən səmərəli istifadə etmişdir. Aydın məsələdir ki, bütün bu işlər müasir şərait nəzərə alınmaqla həyata keçirilir. Bunun üçün kollektivin illik tədbirlər planı vardır ki, görüləcək işlər, hətta forma və məz­munu belə, bu planda öz əksini tapır. İdeoloji dəyərlərin for­ma­laşdırılması sistematik halda, məqsədyönlü şəkildə həyata keçirilir. Təlim-tərbiyə işi məqsədyönlülük, səbr tələb edən bir işdir. Vətənpərvərlik hissləri tarixi, milli-mənəvi əsaslara və dün­yagörüşə əsaslanmalıdır. Bu, hər şeydən əvvəl öz xalqına və vətəninə olan məhəbbətdir. Əgər bu məhəbbət gənclərdə for­malaşıbsa, onda bu hissləri alovlandırmaq mümkündür. Bi­zim təhsil ocağında bu sahədə böyük işlərə imza atılıb. Əsl və­tənpərvər, savadlı gənclər yetişdirmək – pedaqoqların apardığı ideoloji işin əsas qayəsi budur.

Vətənpərvərlik-sağlam düşüncə və təmiz qəlbə malik in­sanlarda ən ali bir hissdir. Açıq qəlbli və  səxavətli olmaq, və­tə­nini canından artıq sanmaq, tolerantlıq, həqiqəti və ədaləti sev­mək – bu, bizim xalqa xas olan cizgilər və keyfiyyətlərdir. Və­tənpərvər insanlar da bu keyfiyyətləri özündə daşıyan in­sanlardır.

Günümüzün gəncləri ilə ideoloji iş bu sahədə ən çətin istiqamətlərdən biridir. Bu gün gənclərlə iş apararkən onlara sistemli şəkildə yanaşmaq lazım olduğunu heç vaxt yaddan çı­xarmaq olmaz. Bu səbəbdən Dövlətimizin Gənclər siyasəti bu gün ən prioritet istiqamətlərdən biri  kimi qalmaqdadır. Bizim bu sahədə gördüyümüz işlər gənclərin əmək, yaradıcılıq və intellektual potensialının tam üzə çıxarılıb reallaşması üçün la­zımi şəraitin yaradılmasına xidmət etməlidir. Biz də dövləti­mi­zin qarşımıza qoyduğu bu şərəfli vəzifələrin öhdəsindən layi­qincə gəlməyə çalışırıq.

 R.Z. – Təhsil alan gənclərin ideya-siyasi, mənəvi-əx­laqi və vətənpərvərlik tərbiyəsində pedaqoji işin mahiyyə­tini nədə görürsünüz? Bu işdə kollecin müəllim heyətinin vəzifələri məhz nədən ibarət olmalıdır?

 F.Z. –  Bu, ilk növbədə pedaqoqun xarakterinin təşkilində, onun davranışının təşkilin­də özünü biruzə verir. Hər bir müəllim və pedaqoq çalışdığı kollektivin bir üzvü və tərkib hissəsidir. Və bununla yanaşı, hər bir şəxsin ideya-əxlaqi kamilliyi də yalnız düzgün təşkil edilmiş kollektiv şəraitində mümkündür. Buna görə də hər bir müəllim daim öz əməyinin, savadının, eyni zamanda dünyagö­rüşü və xarakterinin təkmilləşdirilməsi qayğısına qalmağa borc­ludur.  A.S.Makarenkonun dili ilə desək, “Ayrıca şəx­siy­yəti tərbiyə edərkən biz bütövlükdə kollektivin tərbiyəsi haq­qında düşünməliyik!” Əgər müəllim və tələbələr arasında qar­şılıqlı münasibət düzgün qurulmuşsa, onda yuxarıda sadalanan vəzifələrin həyata keçirilməsi də çətin olmayacaqdır.

R.Z. – Yəni, bu tərbiyəni aşılayan kollektiv üzvləri öz tələbələri üçün bir nümunə obyekti olmalıdır?

F.Z.- Bəli. Mütəxəssislərin hazırlanması üzrə təhsil sistemi tələbələrdə bacarıqların inkişafını təmin edən geniş vasitələrə malik olmalıdır. Bu təsir vasitələrindən biri də mü­əllim və pedaqoqların göstərə biləcəyi şəxsi nümunəsi və düz­gün qurulmuş münasibətlər toplusudur. Bu zaman tələbə onla­rın ətrafında baş verən hər şeyi, hətta, qarşılıqlı münasibət üsul­larını da bir norma kimi, həmçinin fərdin şəxsi seçimi ki­mi qəbul edir. Bu münasibətlər gələcək mütəxəssislərdə in­san, təhsil. peşə, həqiqət kimi dəyərlər sistemini formalaşdırır. Təd­ris məşğələlərində pedaqoji işin daha səmərəli qurulma­sında bu amillərin də rolu və əhəmiyyəti böyükdür. Təsəvvür edin, öz müəlliminə hörmət etməyən, onun bacarığı və qabiliy­yətinə hörmətlə yanaşmayan, ümumiyyətlə, müəlliminə inanmayan tələbə onun tədris etdiyi fənnə də barmaqarası ya­naşacaq. Bu da öz növbəsində tələbələrin hazırlığı səviyyəsi­nin aşağı ol­masına gətirib çıxaracaqdır. Bu, təhsil ocağında digər sahə­lərdə-kollecin ictimai işlərində, vətənpərvərlik, ide­ya-siyasi, mənəvi-əxlaqi tərbiyədə boşluqlara gətirib çıxara bi­lər. Son illər aparılan işlər kollecimizdə tədris prosesinin key­fiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin çoxalması ilə nəticələn­miş­dir. Tədrisə, təlim-tərbiyəyə düzgün münasibət, həmçinin, tələbə və müəllimlərin ictimai maraqlarının təmin edilməsində böyük köməkçi olmuşdur.

Müəllim tədris zamanı tələbələrin elmi dünyagörüşünün artırılmasına böyük diqqət yetirməlidir. Bu, tədris prosesinin təşkili prosesində ən əsas tələblərdən biridir.  Müəllimə olan hörmət, eyni zamanda, onlar arsında yaranan qarşılıqlı isti mü­na­sibət yalnız tədrisin, təlim-tərbiyənin keyfiyyətinin səviy­yə­sindən xəbər verir.

R.Z. – Müəllim əməyi şərəfli və yaradıcı əmək ol­maq­la, həm də mürəkkəb bir əməkdir. Bu mürəkkəblik isə ilk növbədə onun əməyinin məzmununda ifadə olunur.

F.Z. – Müəllim hər bir işdə nümunə obyektidir. O, tələ­bə­lə­rə peşə ustalığının əsaslarını öyrədir, onların bu sahədə bi­liklərini zənginləşdirmək üzrə müntəzəm və fəal iş aparır, ça­lışdığı təhsil ocağında bütün kütləvi, elmi, siyasi tədbirlərin fəal iştirakçısı və ya icraçısı olur. Müəllim eyni zamanda ic­timaiyyətçidir, vətənpərvərdir, ziyalıdır, dövlətinə və xalqına sə­daqətli bir vətəndaşdır. Bununla yanaşı o, özünün elmi bilik­lərinin artırılması, təkmilləşdirilməsi qayğısına qalmalı, tədris prosesinin elmi, ideya-nəzəri səviyyəsini yüksəltməli, öz dün­yagörüşünün, bilik və bacarığının səviyyəsini genişləndirmə­lidir. Bu gün müəllimlərin göstərdiyi şəxsi nümunə, onların cəmiyyətdəki rolunu, onların işinin əhəmiyyətini daha dürüst şəkildə əks etdirir və ifadə edir. Müəllimlərimizin böyük ək­səriyyətində bu gözəl keyfiyyətlərin olması, şübhəsiz ki, çox yaxşı və fərəhli haldır. Onlar gələcəyin müəllimləri sayılan bu günkü tələbələrə  bir nü­munə və örnəkdir.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.