Gənclər üçün mükafat yenə də Musiqili Teatra gəldi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2020-ci ildə yaradıcılıq fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə mükafatlandırıb. Təltif olunan istedadlı gənclər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, vokal artisti Emin Zeynallı da var. Bundan öncəki illərdə teatrın digər istedadlı gəncləri – sevilən aktrisa Gültac Əlili, Prezident mükafatçısı Əmrah Dadaşov, Beynəlxalq festival və müsabiqələr laureatı Aydan Həsənova da bu mükafata layiq görülmüşlər.
Səhnə fəaliyyətinə başladığı qısa zaman ərzində özünəməxsus səs tembri, aktyorluq məharəti ilə seçilən Emin Zeynallı “Paris Notr-Dama ithaf” (V.Hüqo) tamaşasında yaratdığı ilk obrazı (Qrequar) ilə rəğbət qazanıb.
Teatrın “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Arşın mal alan” (Ü.Hacıbəyli), “Cəmilə” (Ç.Aytmatov), “Hicran” (E.Sabitoğlu və S.Rəhman) kimi tamaşalarında ona həvalə olunan rolların üzərində səylə çalışan gənc aktyor ötən il ərzində teatrın hazırladığı bir çox onlayn layihələrdə də, eyni zamanda hərbi vətənpərvərlik mövzusunda hazırlanan bir sıra tədbirlərdə iştirak edib, sosial çarxlara çəkilib.
“Düşünürəm ki, bu gün bu mükafat təkcə mənə yox, mənim simamda həm də Azərbaycan gənclərinə, o cümlədən teatrımızın gənc istedadlarına verilən dəyərdir. Vətən Müharibəsində qazandığımız şanlı qələbədən sonra ilk dəfə olaraq Gənclər Gününü qalib ölkənin gəncləri kimi qürurla qeyd edirik. Fürsətdən istifadə edib, bizə daim diqqət göstərən teatrımızın rəhbərliyinə, eyni zamanda Mədəniyyət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonra uğurlarım daha çox olsun”, – deyə aktyor Emin Zeynallı bildirib.
Fəridə Aslanova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.