GƏNC ŞAİR RAUF RƏVANDAN MODERN ƏDƏBİYYAT SEVƏNLƏRƏ ŞEİR PAYI

SUS

Sənə səndən həqiqətlər deyəcəyəm…
Sən onları heç bir kəsdən duymamısan…
Duymamısan nə dostundan, nə yarından, nə birindən, nə yüzündən…
Duymamısan hətda özün özündən…

Az bilib çox danışmaqla, çox “bilirəm” düşünürsən…
Etmə belə…
Nə aldanma, nə aldatma…
Danışdıqca qərq olursan yalanların axıtdığı göz yaşının dəryasında…
Danışdıqca yanılırsan…
Əsmərliyin ağ rəng olub utancından atır özün alnındakı qırışlardan, itib-batır gözlərinin qarasında…
Sən insansan…
İnsanlığın eşqinə Sus..!!!

Bixəbərsən özlüyündən…
Danışdıqca günahların çılpaqlaşıb rəqs eyləyir düşmənlərin qarşısında…
İçin qabar olmuş ikən sənə haram olanlara baxa-baxa el gözünə savaşırsan abır-həya yarışında…
Axı belə deyildin sən…
Bu qədərmi pisliklərlə qucaqlaşan, çirkablaşan düşüncədə boğulmusan?
Mənmi səni tanımıram?
Sənmi belə doğulmusan?
Danışdıqca tanınırsan…
Sən insansan…
İnsanlığın eşqinə Sus…!!!

Hər halıma şükr edəsi halımdayam – söyləyirsən, hər halının səndən betər olduğunu bilə-bilə…
İnsanların sevincinə sevinməyin əvəzinə ürəyindən həsəd dolu qan yağışı yağdırırsan gilə-gilə…
Yaşayıram zənn edirsən…
Yaşamırsan…
Uca dağdan daş parçası bircə-bircə qopan kimi, insanlığın zirvəsindən ayrılırsan tikə-tikə…ölə-ölə…
Məhv olursan gülə-gülə…

Bəsdir daha…
Ya insan ol, yaşamaqla yaşlan sən də…
Ya viran ol, bilim yoxsan rahatlanım daha mən də…
Ya da hər nə olursan ol…
Səndən bircə istəyim var…
İkimizin xatirinə, ikimizin eşqinə Sus…!!!

 MÜBARİZƏ 

Mübarizə!
Milyonlarla mübarizə edən canlı və cansız var…
Düşünməyin cansızların dili yoxdur…
Ürəyi yox, əli yoxdur…
Yağış daşla.
Çömçə aşla.
Quru yaşla mübarizə edir hər an…
Ürəklər öz dərdi ilə.
Namərdləri mərdi ilə.
Bədbəxliklər xoşbəxtliklə.
Xoşbəxtliklər bədbəxtliklə.
Daha nələr nələrlə.
Daha kimlər kimlərlə dayanmadan, usanmadan mübarizə edir, edir…
Bax beləcə biri gəlir, biri gedir…

Atalar var dünyanın bir küncündə…
Atalar var dünyanın lap dibində…
Ata var ki, zəhmət ilə mübarizə aparır…
Ata var ki, qeyrət ilə mübarizə aparır…
Ata var ki, xəcalətlə…
Ata var ki, rəzalətlə…
Ata var ki, ürəkağrı dərmanıyla…
Ata da var vicdanıyla mübarizə aparır.

Ən fədakar ataların ayağına toz olmaqla bədbəxtliyi məğlub edib xoşbəxtliyi tapardım.
Mübarizə edib sonda xoşbəxtliyin açarını bədbəxtliyin əllərindən qapardım…
Çox fədakar atalar var, övladının acısını olduğu tək öz cisminə cıza-cıza rəsmin çəkir.
Ata bu cür balasına anlatır ki, onun canı ağrıyanda ağrısından toxum alıb ürəyinin ortasını qazıb, qazıb ora əkir…

Övlad o dəm ağrısını tam unudur…
Atasının bal damlayan sevgisindən yeyib udur…
Atası da belə deyir:
— Nuşi canın mənim balam…
nuşi canın…!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.