Vətən müharibəsinin ən pis üzünü Gəncə gördü. Gəncə şəhəri qəhrəman oğulları ilə yanaşı, uşaqlarını, şəhərin məktəbləri şagirdlərini – Nigarını, Orxanını, Məryəmini, Arturunu itirdi. Şəhər təhsilinin növbəti itkisi MÜƏLLİMlərdən oldu.
Məktəbimizdə Rabil İsmayılov adına sinif olacaq
Rabil İsmayılov Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi idi. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul olunmuşdu. Məktəbin direktoru Gülşən Həsənova 2018-ci ildə məktəbə direktor təyin ediləndən sonra tanıdığı və istedadının dərhal fərqinə vardığı Rabil müəllim haqqında xatirələrindən danışıb: “Bu məktəbin məzunuyam. Direktor təyin olunandan sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən və məktəbimizdə müəllim işləmək hüququ qazanan müəllimlərlə ayrıca görüşdüm. Rabil müəllimin istedadını elə ilk görüşümüzdə anladım. Onu fərqləndirən cəhətlər çox idi. Qısa müddət sonra yanılmadığımı gördüm. Özü istedadlı olmaqla yanaşı, həm də yaxşı müəllim idi. Yetirmələri də özü kimi fərqlənirdi. Etiraf edim ki, riyaziyyat fənni üzrə məktəbimizin nəticələri həmişə aşağı olub. Elə mən oxuduğum dövrdə də şagirdlərimiz daha çox humanitar fənlərə meyil göstərirdilər. Ancaq Rabil müəllimin fəaliyyəti tezliklə bəhrəsini verdi. 2019-cu ildə həm də Rabil İsmayılovun işinin nəticəsi olaraq 11A sinfinin 21 şagirdindən 19-u ali məktəbə daxil oldu. Rabil müəllimi “Riyaziyyatın atası” sayır və bunu özünə də deyirdim. Bu il riyaziyyat üzrə uşaqları olimpiadaya hazırlayacağına, hətta mütləq bir medal gətirəcəklərinə söz vermişdi. Medal gətirdi, amma qəhrəmanlıq medalı oldu bu”.
“Dərsdə heç vaxt oturmur, ya partaların arasında, ya da əlində təbaşirlə lövhənin önündə olurdu” – deyən G.Həsənovanın sözlərinə görə, bu il məktəbin qalib olduğu qrant layihəsinin müəllifi də məhz R.İsmayılov olub.G.Həsənova bu itkinin məktəb kollektivi, xüsusən Rabil müəllimin şagirdlərində dərin iz buraxdığını da vurğulayıb: “Şagirdlər çox təsirləndi onun şəhadət xəbərindən. Xüsusən 7A sinfinin şagirdləri özlərinə gələ bilmirlər. Onunla bağlı paylaşımlar edib, dəftərlərində Rabil müəllimin qeydlərini xatirə olaraq saxlayacaqlarını yazıblar. Siniflərə qəhrəman müəllimlərimizin adlarını verəcəyik. Rabil müəllimin adını da sevimlisi 7 A sinfinə verməyi düşünürük. Tədris ili başlayanda məktəbimizdə Rabil İsmayılov adına bir sinif olacaq. Onun xatirəsi hər zaman bizimlə qalacaq”.
Məktəb direktoru Kəlbəcər rayonundan olan Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal müəllimlə aralarında keçən bir yazışmanı da xatırlayıb: “Vüsal müəllim bizim Rabil müəllim döyüşlərə qatılanda onunla hal-əhval tutub. Ona “harda görüşək” – yazıb. Rabil müəllim də yazıb ki, Kəlbəcərdə. Vüsal müəllim ona Kəlbəcərin cənnət olduğunu deyəndə Rabil müəllim ona yazıb: “Onda cənnətdə görüşərik”. Bu gün onun cənnətdə olduğunu nəzərə alsaq, düşünürəm ki, təsadüfən də olsa, o, məhz məkanını söyləyib həmkarına”. (yenigəncə.com)