III MDB Oyunlarının karate və güləş yarışlarında Gəncə idmançıları növbəti uğurlarını nümayiş etdiriblər. Təhsil Respublika İdman Mərkəzinin yetirmələri beynəlxalq arenada ölkəmizi uğurla təmsil ediblər.
Karate yarışlarında Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin PHŞ yetirməsi Turqut Həsənov (84 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Digər gənc idmançı Fərid Savadov (60 kq) isə final mərhələsinə qədər inamla irəliləyərək gümüş medal qazanıb.
Güləş yarışlarında isə Gəncə Olimpiya İdman Kompleksində “Təhsil” RİM 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Xədicəxanım Talıbova (53 kq) bütün rəqibləri ilə mübarizə apararaq bürünc medal qazanıb. Onun şəxsi məşqçisi Elnarə Cəfərova, böyük məşqçisi isə Mehman Allahverdiyevdir.
Bu uğurlar Gəncə şəhərinin idman ictimaiyyəti üçün böyük qürur mənbəyidir və şəhərin gənc idmançıları beynəlxalq arenada yüksək nəticələr göstərərək həm idmanın inkişafını, həm də gənc nəslin bu sahəyə marağını əyani şəkildə nümayiş etdirirlər.





