Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət Məktəblərinin 8 Noyabr Zəfər gününə həsr olunmuş rəsm sərgisi keçirildi.
Sərginin nümayişindən əvvəl uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilməsini xahiş etdi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və aparat işçiləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri Azər İbrahimov, Gültəkin Qasımova, “Cavad xan” Fondunun birinci vitse-prezidenti Muzadil Həsənov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun əməkdaşı Emil Hakan Avşar, Gəncə Dövlət Dram Teatrının direktor əvəzi Aqil Bəhramlı, Əməkdar artist Elxan Yunis, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə şəhər Uşaq Musiqi Məktəblərin rəhbərləri və başqaları iştirak ediblər.
Məktəbin şagirdləri vətənpərvərlik şeirlər söylədilər.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək, Zəfər bayramı münasibəti ilə ölkə rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızı təbrik etdi, respublikamıza əbədi sülh arzuladı.