17 İyun 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və digər təşkilatçıların tərəfdaşlığı ilə Gəncə Dövlət Filarmoniyasında “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.
Bədii hissədən dərhal sonra rəsmi ziyafət təşkil olunacaq.
Məlumat üçün bildirək ki, həm konsert, həm də rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.
Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Əziz həmvətənlərimiz, hər kəsi işğaldan azad olunan ərazilərin bərpasını dəstəkləmək üçün konsertə bilet əldə etməyə dəvət edirik.
Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.
Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək!