Gəncədə Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir

15 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabr ayının 15-dən 26-dək “Nizami Gəncəvi İli” çərçivəsində respublikanın hər yerində olduğu kimi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Festivalına start verilmişdir.
Nizami Gəncəvi Məqbərəsinin önündə Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Alim Məmmədov Nizami Gəncəvinin obrazında qonaqları salamladı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və 300-dən artıq mədəniyyət, incəsənət işçisi Nizami Gəncəvinin Məqbərəsini ziyarət etmiş, məzarı üzərinə təzə-tər çiçəklər düzülmüş, Nizami Gəncəvi Muzeyində ekskursiya təşkil olunmuşdur.
Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri və Dövlət Kamera Orkestri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramını gəncəlilərə və şəhərin qonaqlarına təqdim etdi.
Konsertdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğun nümayəndəsi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Dahi şairin doğma yurdu qədim Gəncədə Nizami Gəncəvi Beynəlxalq Festivalı silsilə tədbirlərlə davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.