Etmtv. news AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncə şəhərində “Mədəniyyət həftəsi” çərçivəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun 100 illik yubileyinə həsr olunmuş “Dönməz iradə” adlı seminar keçirilib. İ.Məmmədovun ev-muzeyində keçirilmiş tədbir Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən AZƏRTAC-a bildirilib ki, seminar İsrafil Məmmədovun abidəsinin önünə gülqoyma mərasimi ilə başlayıb.
İ.Məmmədovun ev-muzeyində davam edən seminarda Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə tədbir iştirakçılarını salamlayaraq qəhrəmanlarımızın ölkəmizi hər zaman qələbəyə doğru apardıqlarını vurğulayıb.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin iştirakı ilə keçirilmiş tədbirdə Böyük Vətən müharibəsinin veteranı Tofiq Hüseynov, AMEA-nın Gəncə bölməsinin nümayəndəsi Elnur Həsənov, Mir Cəlal Paşayevin “Ədibin Evi” ev-muzeyinin nümayəndəsi Elnur İmambəyli, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Nurəddin Babazadə, İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin direktoru Kəmalə İsgəndərova, İ.Məmmədovun ev-muzeyinin direktoru Eldəniz Babayev qəhrəman haqqında fikirlərini bölüşüblər.
Sonda seminarın iştirakçıları mərkəz tərəfindən fəxri diplomla təltif olunublar.