Gəncədə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib

Gəncədə ”Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun yaranmasının 90 illiyinə və akademik Firuz Məlikovun anadan olmasının 120 illiyinə həsr olunmuş konfransda heyvandarlıq sahəsində aparılan elmi tədqiqatlar, heyvanların cins damazlıq tərkibinin yaxşılaşdırılması istiqamətində beynəlxalq təcrübə, innovativ yanaşmalar və digər mövzularda müzakirələr aparılıb.
Konfransda açılış nitqi ilə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hazırkı dövrdə hər bir ölkənin davamlı iqtisadi yüksəlişinin təmin edilməsi ilk növbədə həmin ölkədə elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini zəruri edir. İqtisadiyyatın innovasiyalara əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi elmin, xüsusilə elmi-tədqiqat işlərinin inkişaf səviyyəsindən birbaşa asılıdır. Bu baxımdan elmi müəssisələr bilik iqtisadiyyatına keçidin və inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edirlər. Elmi nailiyyətlərin geniş istifadə olunduğu aqrar sahənin inkişafı üçün ölkəmizdə dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, kənd təsərrüfatı Azərbaycanın ənənəvi istehsal sahələrindəndir. Ölkəmizdə hələ qədimdən əkinçilik və maldarlıq geniş yayılmışdır. Bugün də aqrar sahənin inkişafına dövlət səviyyəsində xüsusi diqqət ayrılır. Bu il 90 illik yubileyini qeyd edən Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ölkədə maldarlığın inkişafı ilə bağlı çoxlu sayda işlər görüb. İnstitutun fəaliyyətindən danışarkən, Firuz Məlikovun adını qeyd etməmək olmaz. Azərbaycanda heyvandarlıq sahəsi üzrə ilk elmlər doktoru adını qazanan Firuz Məlikov 250-dən çox elmi əsərin müəllifidir. Akademik ölkədə heyvandarlığın inkişafı iə bağlı böyük nailiyyətlər əldə etmişdir. Bugün onun davamçıları öz fəaliyyətləri ilə Azərbaycanda aqrar sahənin, xüsusilə də heyvandarlığın inkişafına töhfə verməkdədirlər.
Konfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev bildirib ki, heyvandarlıq kənd təsərrüfatının əsas sahələrindən biri kimi ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Dövlət dəstəyi tədbirləri bu sahənin inkişafına müsbət təsir edir. Heyvandarlıq sahəsində praktiki təcrübələrlə yanaşı elmi tədqiqatlarda vacib əhəmiyyət kəsb edir. Elmi tədqiqat müəssisələri öz fəaliyyətlərini günün çağırışlarına uyğun qurmaqla bu sahənin daha da inkişafına öz töhvələrini verməlidirlər.
Bildirilib ki, 90 illiyi qeyd olunan Heyvandarlıq Elmi Tədqiqat İnstitutu Azərbaycanda heyvandarlığın inkişafına öz elmi tədqiqat işləri ilə böyük töhfələr verib. İnstitutda yerli genofondların qorunması, heyvan növü və cinsləri üzrə damazlıq özəklərinin yaradılması, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins heyvanlar yetişdirmək istiqamətində davamlı tədqiqatlar aparılıb. Lakin günün reallıqları heyvandarlıq sahəsində aparılan tədqiqatlara baxışın dəyişməsini tələb edir. Tədqiqat işləri dövrün çağırışları ilə ayaqlaşmalı, daha çox praktik əhəmiyət kəsb etməlidir.
Konfransda çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, İnstitutun formalaşmasında böyük zəhməti olmuş akademik Firuz Məlikovun ailəsi adından nəvəsi Şirin Məlikova, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Qars Qafqaz Universitetinin rektor müavini Engin Kılıç, Knyaginiya Universitetinin Mühəndislik İnstitutunun direktoru Yevgeniy Voronov, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə Ofisinin sədri Sabrina Denuncq Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun fəaliyyəti barədə fikirlərini bölüşüb, kollektivi yubiley münasibətilə təbrik ediblər.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib. Daha sonra institutun əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
Konfrans iştirakçıları tədbir çərçivəsində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalara, təcrübə fermalarına, yaşıl yem kütləsi istehsal edən konteynerlərə baxış keçiriblər.
Qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris-təcrübə təsərrüfatında baytarlıqı fakultəsinin tələbələri ilə görüşüb, təcrübi dərslərin gedişini izləyiblər.
Konfrans işini panel sessiyalarda davam etdirir. Panel sessiyalarda Türkiyə, Rusiya, İran və Belarusun 20-yə yaxın heyvandarlıq üzrə tanınmış alimin çıxışı nəzərdə tutulub. Tədbir iştirakçıları heyvandarlıqda embrion transferi, yem taxılının gigiyenikləşdirilməsi, simsiz zondlama sisteminin heyvandarlıqda potensil istifadəsi və digər mövzularda müzakirələr aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.