Gəncədə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqi keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin dəstəyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə “Azərbaycan Alüminiumu” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ərazisində xəbərdarlıq və toplanış üzrə məşq keçirilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda təşkil olunan tədbir, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2025-ci tədris ilində şəhərin idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin Təqvim Planının icrası çərçivəsində həyata keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Bununla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti ilə metodiki toplantı təşkil olunub.

Məşqin məqsədi: fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi prosesində mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq səviyyəsinin, rəhbər heyətin fəaliyyətinin, idarəetmə üzrə bilik və bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsi, şəxsi heyətdə əməli vərdişlərin formalaşdırılması, həmçinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olub.

Əvvəlcə mülki müdafiə xidmətləri və qüvvələrinin şəxsi heyəti xəbərdarlıq siqnalı üzrə təyin olunmuş toplanış yerinə cəlb olunub. Ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqə hazır olması barədə məlumat verilib, daha sonra komandir-rəis heyətinin məruzələri dinlənilib.

Təlim zamanı şəxsi heyətə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı – şəhər mülki müdafiə rəhbəri cənab Niyazi Bayramovun müvafiq sərəncamı çatdırılıb, qüvvələrin ştat cədvəlinə uyğun texnika, alət və avadanlıqları yoxlanılıb, şəxsi heyətin funksional vəzifələri üzrə bilikləri qiymətləndirilib.

Tədbirin sonunda mülki müdafiə məşqinin rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, MM işinin aparıcısı Yadigar Bədəlov və FHN-nin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Bəhai Nəsirov tərəfindən məşqin keçirilməsi qənaətbəxş qiymətləndirilib. Aşkar edilmiş çatışmazlıqlar iştirakçıların diqqətinə çatdırılıb və onların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.