Gəncədə ‘Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması’ layihəsi icra olunur

“Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə, Gəncə Gənclər Evinin dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin hədəf kütləsi valideyn himayəsindən məhrum olan uşaqlardır.

Təşkilatın sədri Lamiyə İsazadə: “Cəmiyyətin həssas üzvləri olan, valideyn himayəsindən məhrum olan uşaqların taleyi dinindən, irqindən asılı olmayaraq hər kəsi düşündürür. Onlar 18 yaşa qədər dövlətin himayəsində olsalar da, onların 18 yaşdan sonrakı həyatları bizləri daha çox narahat edir. Uşaq evi sakinlərinin çox az hissəsi ali məktəblərə qəbul olub ali təhsil alır, öz həyatlarını siğortalayırlar. Bəs təhsil almayan uşaqların aqibəti necə olur?! Əgər həmin uşaqlar heç bir təhsilə, sənətə sahib deyillərsə, küçə həyatı yaşamağa məhkum olurlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bu və ya buna bənzər layihələrin icrasını zəruri hesab edirik. Hazırda icra etdiyimiz “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsinin əsas məqsədi 3 aylıq dekorativ-tətbiqi sənət kursunun təşkili və valideyn himayəsindən məhrum olan uşaqların bu kurslara cəlbidir”.

Gəncə Gənclər Evində təşkil olunan kurslarda uşaq evinin sakinlərinə bədii şüşə sənəti, ebru (su üzərində rəsm), bədii tikmə sənəti (naxışların salınması) və s. kimi bacarıqlar aşılanır. 3 aylıq kursun yekununda Gəncə və Bakı şəhərlərində uşaqların əl işlərindən ibarət sərgisi təşkil olunacaq.

“Uşaqlar kursa çox böyük həvəslə gəlib, sənət öyrənməyə çalışırlar. Onlara çox istedadlı, bacarıqlı, Gəncə Gənclər Evinin dekorativ-tətbiqi sənət müəlliməsi Sona Məhərrəmova dərs keçir. Fürsətdən istifadə edib Gəncə şəhər Gənclər Evinin rəhbəri Amil Qurbanova uşaqlara göstərdiyi diqqət və qayğıya görə, təmənnasız yaratdığı şəraitə görə xüsusi minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, bu layihədən sonra uşaqlar bir daha əmin olacaqlar ki, onlar tək deyillər.Dövlətimiz, cəmiyyətimiz onlara nə qədər dəyər verir. O zaman onlar özlərini atılmış deyil, cəmiyyətimiz üçün nə qədər gərəkli, dəyərli olduqlarını dərk edəcəklər”, – deyə Lamiyə İsazadə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.