Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan sərbəst güləş üzrə Avropa və Dünya çempionu Turan Bayramovla və parataekvando idman növü üzrə Dünya, Avropa, o cümlədən beynəlxalq turnirlərin çempionu İmaməddin Xəlilovla görüş keçirib.
Görüşdə Əməkdar məşqçi, “Şöhrət” ordenli, “Tərəqqi” medallı Elçin Zeynalov, Əməkdar məşqçi, “Şöhrət” ordenli Əli Hacıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin, Gəncə İdman Liseyinin direktorları və məşqçilər iştirak ediblər.
Niyazi Bayramov idmançıları salamlayaraq Prezident İlham Əliyevin ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də idman sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Şəhər rəhbəri qeyd edib ki, 09 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı möhtəşəm Gəncə İdman Sarayının açılışı, o cümlədən şəhər stadionunun təməlinin qoyulması bu qayğının bariz nümunəsidir. Bununla yanaşı, Gəncə şəhərinin 2025-ci ildə MDB-nin İdman paytaxtı seçilməsi də ölkə rəhbərinin yürütdüyü idman siyasətinin nəticəsidir. Niyazi Bayramov hər iki idmançını təbrik edib və onlara 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.
Çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və ölkə rəhbərinə idman sahəsində yaradılan yüksək şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
İdmançılar öz növbələrində səmimi görüş üçün şəhər rəhbərinə təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Turan Bayramov Bakı şəhərində keçirilən Avropa təsnifat turnirində finala yüksələrək 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. 1 qat Dünya, 2 qat Avropa çempionu olan İmaməddin Xəlilov isə dünyanın ən güclü 8 idmançısının qatıldığı Qran-Pri final seriyasında qalib olub və hazırda dünya reytinq sıralamasınsa 1-ci yerdədir. O, 2024-cü il Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.