Gəncə sakinləri Prezident İlham Əliyevə minnətdarlıq edirlər: ‘Bu çətin günlərdə daim Sizinləyik, cənab Prezident!”

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır, dövlətimizin başçısının xalqımıza qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətində atılan addımları Gəncə sakinləri də müsbət qarşılayırlar. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları məktublarda ifadə edirlər.

Ganjanew.az saytı Prezidentin saytına istinadla Gəncə sakinləri tərəfindən ünvanlanan məktubların bir neçəsini təqdim edir.

Sənan Hacıyev yazır: “Zati-aliləri, möhtərəm cənab Prezident. Gəncə Regional Mədəniyyət İdarəsinin kollektivi, şəhərin bütün mədəniyyət və incəsənət işçiləri dünyanı cənginə alan dəhşətli koronavirus infeksiyasının respublikamızda təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətindəki müdrik və uzaqgörən siyasətinizi birmənalı şəkildə müsbət qiymətləndirirlər. Məhz Sizin tapşırığınız əsasında Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü məqsədyönlü işlərin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, Nizami yurdu qədim Gəncəmizin mədəniyyət və incəsənət işçiləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm”.

Xalidə Ağayeva isə qeyd edir ki, dünyanı cənginə almış pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Bəzi ölkələrdə vəziyyətin acınacaqlı vəziyyətə çatdığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində ölkəmizdə zəruri qabaqlayıcı tədbirlər vaxtında görüldü. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısı sürətlə alınır, bu istiqamətdə işlər davam etdirilir. Dünyada pandemiya ilə bağlı vəziyyət hər keçən gün dəyişir və Sizin rəhbərliyinizlə ölkəmizdə buna çevik reaksiya verilir. Dövlətimiz tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ona maddi dəstək göstərilir, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır. Bir vətəndaş olaraq xalqımıza yüksək qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət tezliklə bu bəladan xilas olacaqdır.

Bu çətin günlərdə daim Sizinləyik, cənab Prezident!

Cəmalə Hacıyevanın müraciətində deyilir: “Möhtərəm cənab Prezident. Dünyada geniş yayılan koronavirus pandemiyası Azərbaycana da öz təsirini göstərib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq”.

Urfan Həsənov yazır: “Hörmətli cənab Prezident. Hazırda biz doğrudan da çətin günlər yaşayırıq. Dünyanı bürümüş koronavirus hər birimizi diqqətli olmağa vadar edir. Evdə qalmaq, evdən çıxmamaq bu virusdan qorunmaq üçün ən düzgün yoldur. Evdə qaldığımız müddətdə zəruri ərzaq məhsullarına olan tələbatımızın ödənilməsi üçün dövlətimiz tərəfindən tədbirlər görülüb. Bu, onu göstərir ki, dövlətimiz atdığı bütün addımları ölçüb-biçir, vətəndaşının qayğısını çəkir və onun üçün hər bir şəraiti təmin edir. Vətəndaşlarımız da dövlətin qoyduğu qaydalara hörmətlə yanaşmalıdırlar. Qərarlara əməl etmək onların özlərinin virusdan qorunması deməkdir.

Çox hörmətli Prezident, mən əminliklə demək istəyirəm ki, Sizin təşəbbüsünüzlə həyata keçirilən tədbirlər nəticəsində xalqımız tezliklə bu bəladan xilas olacaqdır”.

Prezident İlham Əliyevə ünvanlanan məktublardan aydın olur ki, koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısını almaq istiqamətində görülən tədbirlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. (GəncəNews)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.