Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Dumanlar başımda dastana döndü” adlı sərginin açılışı oldu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi ilə Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində Yarat Müasir İncəsənət Məkanının yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisinin açılışı oldu.

Tədbiri İctimai Əlaqələr Departamentinin rəhbəri Hökümə Kərimova açaraq iştirakçıları salamladı və sərginin nümayişindən əsas məqsədi diqqətə çatdırdı.

Yarat Müasir İncəsənət Məkanının kuratoru Zəhra Məmmədova sərgi barədə ətraflı məlumat verdi.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov öz növbəsində bütün iştirakçıları salamlayaraq qeyd etdi ki, belə tədbirlərin keçirilməsi günümüzün tələbidir. Çünki, Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmuşdur.

Bu müharibədə qədim Gəncə də bir çox çətinliklərlə üzləşmişdir. Çox şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində işğal altında olan ata-baba yurdlarımızı xilas etdi.

Açılış mərasimində, Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçisi Yadigar Bədəlov, Gənclər İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, gənc alim Elnur Həsənov və şəhər “Gənclər Evinin” direktoru Amil Qurbanov çıxış etdilər.

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri, dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrlərindən biri olmuşdur.

Dağlıq Qarabağ münaqişəsinə və Zəfər hadisələrinə həsr olunmuş bu sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edir.

“Dumanlar başımda dastana döndü” adlı sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayış olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

Sərgiyə Yarat Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

Sərgi iyul ayının 8-dən sentyabr ayının 25-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.