Gəncə şəhər rəhbərliyinin fəaliyyəti ilə bağlı şəhər sakinlərinin dedikləri

Azərbaycanda  dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara  göstərilən qayğıda hər zaman öz əksini tapır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuruna həm nümunə, həm də  gələcək fəaliyyətində yol xəritəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir dəfə  yeni təyin olunan icra başçılarını qəbul edərkən dedi: “Sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir -vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayon­ların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər Siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar”.

Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, əhali ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Gəncədə olduğu kimi icra edilir.

Bəli, həqiqətən də belədir. Mən yaşadığım şəhərin rəhbəri haqqında tək məndə yox, Gəncə əhalisində, şəhər ziyalılarında formalaşmış mövqeyi qeyd etmək  istərdim. Niyazi Bayramovun Gəncə kimi böyük və strateji bir şəhərə başçı təyin edilməsi şəhər əhalisi tərəfindən rəğbətlə qarşılandı. Sıravi  vətəndaşlar, şəhər ziyalıları, hər kəs cənab Prezidentin bu təyinatını alqışladı. Sosial şəbəkələrdəki paylaşımlarda, siyasətçilərin ayrı-ayrı media orqanlarındakı açıqlamalarında   Niyazi Bayramovun  sadəliyi və peşəkarlığı ilə işlədiyi müxtəlif vəzifələrdə böyük rəğbət qazandığı  dəfələrlə vurğulanmışdır.

Niyazi Bayramov xaraktercə çox ziyalı bir insandır. İstənilən məsələ ilə bağlı haqq-ədalətlə qərar verir. Şəhərdə baş verən prosesləri daim diqqətdə saxlayır, hər bir qurumun rəhbərliyinə, əməkdaşlarına, şəhər sakinlərinə  çox hörmətlə  yanaşır,  insanlara açıqdır,  onları dinləməyi  bacarır. İstənilən məsələnin dərinliyini öyrənir, onun həll variantlarını nəzərdən keçirir.

İnsana xas olan gözəl, nəcib sifətlərdən biri onun sadəliyi və  səmimiyyətidir. Sadə və səmimi insanlar, xüsusi ilə də vəzifə sahibləri yaratdığı ünsiyyətlə təkcə özünə hörmət qazanmır, təmsil etdiyi dövlət qurumlarının ən alisini şöhrətləndirir.  Bu isə,  dövlətlə xalqın sarsılmaz birliyini təmin edir.

Bu fikirlərə təsadüfü köklənmədim. Həmişə sözün düzünü deməyə çalışan, yalnız öz ürəyinin və vicdanının səsinə inanan bir ziyalı kimi, bir  müəllim kimi, bir alim kimi dedim. Bu fikirləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sadəliyinə və şəhər ictimaiyyəti ilə olduqca səmimi münasibətinə dəfələrlə şahid olaraq söylədim.

Sosial şəbəkələri, xəbər saytlarını  izləyənlər açıqca görə bilər ki, bu gün respublikanın şəhər və rayonlarında bəlkə də, ən çox  vətəndaş qəbulu İcra başçısı tərəfindən Gəncədə keçirilir. Bunlarla yanaşı şəhər rəhbəri birinci müavini Səməd Tomuyevlə, digər əməkdaşları ilə  birgə şəhid ailələri və qazilərimizlə onların yaşadıqları evlərdə görüşə gedir, qayğıları ilə maraqlanır və hər mənada onlara dəstək göstərirlər.

Niyazi Bayramov  şəhərdə  mühafizəsiz gəzir, hətta istirahət günləri belə, onu şəhərin istənilən hissəsində görmək mümkündür. İstənilən vətəndaş ona yaxınlaşıb öz problemi haqqında  müraciət edə  bilər. Mən şəxsən şahidi olmuşam ki, hətta yas mərasimlərindən çıxanda belə dəfələrlə ona vətəndaş yaxınlaşıb öz sözünü deyib. Şəhər rəhbəri isə onu səbrlə dinləyib, problemin həll olunması üçün  lazımı göstərişlər verib.

Bu gün Gəncədə böyük  işlər və çoxlu layihələr həyata keçirilir. Gəncə şəhərinin içməli  su  təchizatı  və kanalizasiya sistemlərinin yenidən qurulması, Abad məhəllələr yaradılması, Avropa və Yenidənqurma İnkişaf Bankının Yaşıl şəhərlər layihəsi, Ekoloji Park Kompleksinin yaradılması və s.

Bu gün Gəncənin ən ucqar yaşayış massivlərində olan küçələrinin  gecələri  gündüzlərindən seçilmir. Yeni salınan hər bir  yaşayış sahəsi belə müasir lampalarla  işıqlandırılıb.  Kanalizasiya və su xətləri tamamlanmaq üzrədir. Bu istiqamətdə iş başa çatan ərazilərə, o cümlədən  sovet  dönəmindən  belə  asfalt görməyən ara küçələrə də mərhələli şəkildə asfalt örtüyü çəkilir.

Son günlər qardaş Türkiyədə qeydə alınan dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə yardım məqsədi ilə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq  Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncədə də yardımlar toplanılır. Yardımların toplanıb qablaşdırılması üçün GALAKSİ Türk Tekstil Fabrikinin anbarında yardım məntəqəsi yaradılıb. Şəhər rəhbəri Niyazi Bayramov gün ərzində bir neçə dəfə məntəqəyə gələrək görülən işə şəxsən nəzarət edir və bütün qüvvələrin səfərbər edilməsi üçün lazımi tədbirlər görür. Sakinlər qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər. Toplanan yardımlar 7 yük maşını ilə Gəncədən Türkiyəyə yola salınıb və  bu istiqamətdə işlər davam etdirilir.

 Bir sözə, Niyazi Bayramov Cənab Prezidentin tapşırıqlarına ləyaqətlə əməl edən bir icra başçısıdır və bu əqidədə  olan komanda  formalaşdırıb. Belə müsbət keyfiyyətlərinə görə bütün Gəncəlilər Niyazi müəllimi sevir, ona hörmət və ehtiramla yanaşırlar. Dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sadiq  belə  bir şəxsi şəhərimizə rəhbər təyin etdiyinə, respublikamızın inkişafı naminə gördüyü  işlərə  görə, Prezident İlham Əliyevə   şəhərin çoxminli əhalisi adından  təşəkkür edirik.

       ELÇİN CAVADOV,

       Gəncə Dövlət Universitetinin kafedra müdiri,

       texnika elmləri doktoru.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.