Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
“Heç kimə sirr deyil ki, qadınlar sağlam cəmiyyətin təməl daşlarıdırlar. Təməl nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər inkişaf edər, irəli gedər. Bunun üçünsə qadın savadlı, xoşbəxt və azad olmalıdır.
Azərbaycan qadını tarixən öz savadı, cəsarəti və vətənpərvərliyi ilə seçilib. Qadın hökmdar Nüşabə, orta əsrlərdə mütərəqqi fikirlərilə cəmiyyətin maariflənməsinə çalışan Məhsəti Gəncəvi, ilk diplomat qadın Sara xatun, Şuşada ilk ədəbi məclisi yaratmış Xurşudbanu Natavan kimi məğrur ziyalı qadınlarımızın fəaliyyəti hər zaman örnək olub və olacaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan qadını hürr və azadlığına tam olaraq 1918-ci ildə qovuşub. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk demokratik dövlət olub.
Azərbaycan qadınları ölkədə cərəyan edən ictimai-siyasi proseslərdə hər zaman fəallıq nümayiş etdiriblər. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişibdir. Respublikamız müstəqillik əldə etdikdən sonra qadınların cəmiyyətdəki rolu daha da yüksəlib, fəaliyyətləri genişlənib.
Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə Respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Buna Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz misaldır.
Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəal olarlarsa, gəncliyimiz də bir o qədər inkişaf edər. Biz, Azərbaycan qadınının vətənpərvərliyinə, iradəsi və fədakarlığına 44 günlük Vətən müharibəsi dövründə bir daha şahid olduq. Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların rolu əvəzsizdir. Belə ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.
Hörmətli şəhid anaları, şəhid yoldaşları, dəyərli xanımlar!
Tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi və vətənpərvərliyi ilə tanınan Azərbaycan qadınlarını – Sizi, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə öz adımdan və rəhbərlik etdiyim kollektiv adından təbrik edir, uzun ömür, cansağlığı, ailə səadəti arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.