Prezidentə yazırlar: “Azərbaycan xalqının Sizə və rəhbərlik etdiyiniz orduya inamı və güvəni sonsuzdur”
Gəncə şəhər ağsaqqalları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi, Azərbaycan xalqının çoxəsrlik tarixinə şanlı qələbə kimi yazılan 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edirik. 30 illik Vətən həsrətinə, nisgilinə 2020-ci ilin noyabr ayının 8-də son qoyuldu. Bu Qarabağa qovuşduğumuz tarixdir. Sizin uzaqgörən və müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qələbə qazandı. Öz Prezidentinin ətrafında bir yumruq kimi birləşən, Ordu ilə vahidlik nümayiş etdirən Azərbaycan xalqı qazanılan Qələbə ilə öz tarixini şərəfləndirdi.
Bu tarixi Qələbə 200 il ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən təxribat, cinayət, terror aktları və soyqırımına verilən ən layiqli cavab oldu. Azərbaycan Ermənistan üzərində yalnız hərbi deyil, eyni zamanda siyasi və psixoloji qələbə qazandı. Tarixi ədaləti bərpa edərək bu şanlı qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirik.
Hörmətli Prezidentimiz, tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının Sizə və rəhbərlik etdiyiniz orduya inamı və güvəni sonsuzdur. Biz əminik ki, Azərbaycan xalqına məxsus bir qarış torpaq da bundan sonra heç vaxt yadların təcavüzünə məruz qalmayacaqdır.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Ağsaqqallarımızın xeyir-duası Sizinlədir. Ulu Tanrı Sizi qorusun.
Gəncə şəhər Ağsaqqallar Şurasının üzvləri adından dərin hörmətlə,
Xalid Qurbanov – Gəncə şəhər Ağsaqqallar Şurasının sədri, professor
Nurəddin Nəcəfov – Şuranın sədr müavini, professor
Xəzəngül Həsənova – Şuranın üzvü, Əməkdar mədəniyyət işçisi
Siyasət Məmmədov – Şuranın üzvü, professor
Əhəd Nəbiyev – Şuranın üzvü, professor
İmanov Mobil – Şuranın üzvü”.
Gəncə şəhərinin ictimaiyyət nümayəndələri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi milli qürurumuzun təntənəsinə çevrilən 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu tarixi qələbəni bizə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin əzminiz və möhkəm iradəniz, səbriniz və təmkininiz, düşünülmüş daxili və xarici siyasətiniz, zərgər dəqiqliyi ilə hesablanmış addımlarınız Azərbaycanı qələbəyə apardı. Siz dəfələrlə “Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq” – deyərək Ermənistanı öz təcavüzkar siyasətindən əl çəkməyi, BMT-nin, ATƏT-in, Avropa Parlamentinin qərarlarını yerinə yetirməyi təklif etməyinizə baxmayaraq, Ermənistan yenə də öz xəyanətkar siyasətini davam etdirmişdir. Siz daim torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunmasına dair çağırışlar etməyinizə baxmayaraq, təcavüzkar dövlətin qərəzli mövqeyi səbəbindən beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə haqqımızdan istifadə etdiniz və 30 il əsarətdə qalmış torpaqları müdrik və qətiyyətli addımınızla 44 gün ərzində qəsbkarlardan azad etdiniz. Beynəlxalq birlik bu haqsızlığa göz yumsa da, Azərbaycan sadəcə olaraq yalnız öz milli maraqlarını deyil, eyni zamanda dünya nizamını və dəyərlərini pozan bu ədalətsizlik qarşısında səssiz qala bilməzdi.
Müzəffər Ali Baş Komandan, milli birliyin əsasında yaratdığınız “dəmir yumruq” qəsbkar ermənilərin alınmaz qala adlandırdıqları “Ohanyan səddi”ni qısa müddətə darmadağın edərək erməni ordusunu məğlub etdi. Qələbənizin şah zirvəsi olan Şuşa əməliyyatı bütün dünya hərbçiləri tərəfindən öyrənilir və yeni strateji xətt olduğu qəbul edilir. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azad edilməsi ilə bütün Qarabağ azaddır. Respublikanın hər yerində olduğu kimi, Zəfər Günü Gəncə şəhərində də böyük təntənə ilə qeyd olundu. Azərbaycanın üçrəngli dövlət bayrağı ilə bəzədilmiş şəhər küçələrində əsl bayram coşqusu yaşanıldı.
Hörmətli cənab Prezident, Azərbaycan tarixində misilsiz qələbələr qazandığınız, haqq-ədaləti bərpa edərək torpaqlarımızı düşmən tapdağından təmizlədiyiniz, Azərbaycan xalqına Zəfər sevincini yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü çatdırırıq.
Gəncə şəhərinin ictimaiyyət nümayəndələri adından dərin hörmətlə,
Fuad Əliyev – Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü
İbrahim Cəfərov – AMEA-nın müxbir üzvü, professor
Yusif Yusibov – Əməkdar müəllim, professor
Həsənbala Sadıqov – Əməkdar müəllim, professor
Mehman Rzayev – Əməkdar həkim
Ramil Qasımov – Paralimpiya çempionu
Məmmədəli Balayev – Xalq artisti
Pərvanə Qurbanova – Xalq artisti
Elxan Abbasov – Əməkdar artist
Elnur Həsənov – Gənclər üçün Prezident mükafatçısı”.