Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələrlə görüşüb.
Rektor Yusif Yusibov çıxışında bildirib ki, bu gün Gəncə Dövlət Universiteti özünün inkişaf dövrünü yaşayır. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda elmə və təhsilə böyük diqqət və qayğı göstərib. Bu gün isə Prezident cənab İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Təhsil nazirliyi tərəfindən həyata keçirilən layihələr, aparılan uğurlu islahatlar isə təhsildə keyfiyyət göstəricilərinə müsbət təsir göstərir.
Rektor qeyd edib ki, Ölkə Başçısı tərəfindən milli təhsilin dünya təhsili səviyyəsinə yüksəldilməsi üçün bir sıra islahatlar həyata keçirilib, bu sahənin hərtərfli inkişafına böyük məbləğdə vəsait ayrılıb. Belə ki, Ölkə Başçısı tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin yenidənqurulması üçün 8 milyon manat vəsait ayrılıb. Təxminən bir aydan sonra Gəncə Dövlət Universitetinin yeni kitabxana və yataqxanaları istifadəyə veriləcək. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları da rektor Yusif Yusibov diqqətə çatdırıb.
Hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, habelə gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması ilə 2019-2020-ci tədris ilində təqaüd alan tələbələrin ümumi sayına olan nisbəti 45 faizə çatdırılıb.
Azərbaycanın bugünkü inkişafı, çiçəklənməsi, qüdrətlənməsi, müasir məmləkətə çevrilməsi Heydər Əliyev siyasətinin həyata keçirilməsinin bilavasitə nəticəsidir. Həm Heydər Əliyev siyasətinin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili dayanır. Bütün əldə edilən uğurlar yalnız bir məqsədə – Azərbaycan vətəndaşının həyatını daha da yaxşılaşdırmağa xidmət edir. Ölkə başçısının son illər gənclər siyasətində əhəmiyyətli islahatları təhsil prosesində də özünü göstərir. Dövlətimiz tərəfindən tələbələrin təqaüdləri artırılır, dövlət sifarişi ilə təhsil almaq imkanları genişləndirilir.
Gənclər siyasətindən danışan Yusif Yusibov deyib: “Biz gənclərə böyük inam və ümidlərlə yanaşırıq. Hər bir ölkənin gələcəyi onun gənclərindən asılıdır. Gənclər Azərbaycanda əhalinin tərkibində önəmli hissəni təşkil edir. Ona görə də gənclərlə bağlı siyasət gənclərin potensialının daha da artırılmasından, ölkənin inkişafı naminə bu potensialdan səmərəli istifadə edilməsindən ibarətdir. Azərbaycan gəncləri dövlətə, dövlətçiliyə, Heydər Əliyev siyasətinə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən bağlı olan gənclərdir”.
Rektor Yusif Yusibov bildirib ki, görüşün təşkilində əsas məqsədlərdən biri 2019-2020 tədris ilinin payız semestri imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır.
Universitet üzrə hər tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyası tədris planlarında nəzərdə tutulan müddətdə keçirilir. Fakültələr tərəfindən imtahan qəbul ediləcək fənlər üzrə məsləhət saatlarının qrafiki tərtib olunaraq tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılır. Universitetdə imtahanlar fənlərin tədris xüsusiyyətindən asılı olaraq yazılı, kompüterdə test üsulu formasında qəbul edilir.
Professor Yusif Yusibov qeyd edib ki, payız və qış sessiyaları müddətində imtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə “Apelyasiya komissiyası” yaradılıb.
Rektor Yusif Yusibov gənclərə Azərbaycanın daha da qüdrətlənməsi, tərəqqisi və inkişafı yolunda mübariz olmağı arzulayıb. Tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, onlara tələbə həmkarlar və gənclər təşkilatları ilə sıx, işgüzar əlaqələr qurmağı tövsiyə edib.
Sonda rektor Yusif Yusibov tələbələrin təkliflərini dinləyib və onları maraqlandıran sualları cavablandırıb.
MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ