Gəncə Dövlət Universitetinin qırğıları – Sən kimsən, ey “məxluq”?!.

Birinci Yazı

Son dövrlər Gəncə Dövlət Universiteti haqda mətbuat səhifələrində gedən yazıların sayı fərqli dərəcədə artmaqdadır. Çox qəribədir ki, bu yazıların əksəriyyəti onların işinin müsbət tərəflərini deyil, yalnız mənfi sayılan tərəflərini “işıqlandırmağa” həsr olunub. Sanki, GDU-da çalışanlar öz vəzifə borcları ilə bağlı bütün işlərə həmişə sayqısızlıq göstərir, bu işlərə yalnız öz şəxsi maraqları prizmasından diqqət yetirirlər. Əslində bu belədirmi?

Bir təhsil ocağında çalışaraq, yalnız donos ötürməklə güc və enerjisini tamam başqa səmtə və başqa işlərə yönəltməyi nə dərəcədə məntiqə uyğun saymaq olar? Doğrudanmı, GDU-u layiqincə təmsil etməli olan insanlar işlərini yalnız öz şəxsi maraqlarını güdməklə bitmiş hesab edirlər?.. Yoxsa bu, Azərbaycanı, onun təhsilini sevməyən bir qrup insanların elm adamlarını Vətənimizlə, cəmiyyətlə  bağlayan telləri qırmaq, onları gözdən salmaq üçün ortaya atdığı bir oyundur? Ümumiyyətlə, bu yazıları öz səhifəsinə çıxaran media qurumlarının məqsədi nədən ibarətdir və onlar, əslində hansı işləri, amilləri, faktları ilk növbədə önə çəkməlidirlər?

Müşahidələr göstərir ki, son günlər GDU ilə bağlı saytlarda paylaşılan eyni xarakteli və məzmunlu yazılar artıq insanlarda bir ikrah hissi yaratmışdır. Doğrudan da, bu saytlar araşdırılmayan, dəqiqləşdirilməyən yazıları dərc etməklə, hansı etik normaların pozulmasına rəvac verirlər? Bununla onlar milli jurnalistikanı gözdən saldıqlarının fərqindədirlərmi?

Tənqidi məlumatların dərcində maraqlı olan saytların çoxu yarıtmaz jurnalistik fəaliyyəti ilə artıq çoxdan tanınan insanların cəmiyyəti qıcıqlandıran yazıları ilə də gündəmə gəlirlər. Əgər  saytlar, bu yazıları bizim oxumağımız üçün paylaşırlarsa, onda bizim mənəvi ruhumuzu oxşayan yazılara üstünlük verməlidirlər. Bu yazılar bizi bütün varlığımızla maraqlandırmalı, bizi inandırmalı və təsvir etdikləri hallar, hadisələr, simalar barədə fikirlərimizi daha da möhkəmləndirən, yaxud onlar haqqında olan təsəvvürlərimizi alt-üst edən düzgün  məlumatlar olmalıdır.

Peşə əxlaqı, peşə etikası jurnalistikada önəmli yer tutur. Jurnalistika fəaliyyəti də dövlətimizin ictimai-siyasi həyatının mühüm sahələrindəndir. Mətbuat işçilərinin etik davranış kodeksində bu fəaliyyət  jurnalistlərin şəxsi, mənəvi və  işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılı olduğu bildirilir. Yalnız bu keyfiyyətlərə, saf  mənəviyyata, öz həmkarları və oxucular arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa  xidməti özünə borc sanan, xalqına  sədaqəti ilə seçilən yazarlar insanların dəstəyinə arxalana bilir. Əməldə, təcrübədə bunun əksi ilə rastlaşdıqda oxucuların hansı hisslər keçirdiyini anlamaq çətin deyil. Yəqin elə bu səbəbdən də donos yazmaqda mahir olan insanlar məhz öz əqidələrinə (yaxud əqidəsizliyinə) uyğun yazarlarla ümumi dil taparaq, çox vaxt insanları, onların işgüzar nüfuzunu gözdən salmağa istiqamətlənən saxta, yalançı məlumatları media səhifələrinə çıxartmağa müvəffəq ola bilirlər. Biz bu məlumatların hansının düzgün olub-olmadığını vurğulamaq fikrində deyilik. Bununla belə, yalançı profillərlə məlumatlar paylaşan insanların tilovuna keçən, belə şərbazlarla “nəfəs alan”, mənəvi boşluqlarını kimisə şərləmək, kimisə ləkələmək,  təhsil ocaqlarında rəhbər vəzifələr tutan insanlar barədə lazım oldu-olmadı aşağılayıcı məlumatlar paylaşmaq və ictimaiyyəti çaşdırmaqla dolduran sayt rəhbərlərini qınamaq zorundayıq.

Etmtv. news portalının fəaliyyətə başladığı iki il ərzində redaksiyamıza da giley xarakterli və ya sadəcə, şikayətlər yer almış onlarla məktub daxil olmuşdur. Bunlar təsadüfi xarakter daşıyan müraciətlər olsa da, bizim onlara aldanacağımıza və bu məlumatları dərc edəcəyimizə istiqamətlənən cəhdlərdir. Lakin, bir şeyin fərqində deyillər:- Bizim peşəkar qabiliyyətimiz bu qədərmi aşağı səviyyədədir? Xatırlatmaq istərdik ki, bizlər işimizdə də, həyatımızda da onların alətinə çevrilən sayt rəhbərlərindən kəskin surətdə fərqlənirik və belə insanlara heç salam verməyi belə artıq bir iş sayırıq!

Apardığımız müşahidələr nəticəsində bu məktubların  məhz GDU-dan bizə ünvanlandığını tam əminliklə deyə bilərik. Eyni dəst-xətt, eyni istək, tənqidin obyektləri olan eyni məsul şəxslər. Artıq bu hala öyrəşmişik. Onların istəyinin əksinə olaraq, həmişə bu yazıların müəllifilərinin axtarışına çıxmışıq, onlarla əlaqə yaradıb, imzaların doğruluğuna əmin olmaq, məktubların məhz onlar tərəfindən göndərildiyinə əmin olmaq istəmişik. Heyhat! Onları tapmaq mümkün olan işlərdən deyil. Tapsan belə, boyunlarına qoymaq mümkünsüz işdir.

Açıq mətnlərlə guya ki, faktları açıqlayan insanlar niyə başqa-başqa yalançı imzalarla (bu insanları zərbə altına qoyduqlarını anlasalar da) bu müraciətləri saytlara ötürürlər? Bunu vicdanlarına necə sığışdıra bilirlər? Ümumiyyətlə, onlarda vicdan adlı bir şey varmı? İnsan hansı xislətə malik olmalıdır ki, sadə dillə desək, öz iş yoldaşlarının, həmkarlarının adının altında gizlənərək,  əksər hallarda heç  özünü doğrultmayan məlumatları dərc etdirməyə cəhd etsin? Yazılanlar doğru olsa belə, bunu alim adına necə sığışdıra bilirlər? Bu heç insanlığa yaraşan bir əməl deyil.Onların neçə “maska”sı var, ümumiyyətlə, bu istedadı onlar hansı peşəkar fəaliyyət zamanı qazana biliblər? Başqa iş-gücləri yoxmu?!. Yoxsa,  onda GDU adlı təhsil ocağı belə simasızlar üçün hansı münbit şəraitə malikdir ki,  onların tapılıb-aşkar olunması belə bir müşkül məsələyə çevrilmişdir? Fikrimizcə, bu alimlər mütləq tapılıb, cəzalandırılmalıdır!

Bununla yanaşı bu illər ərzində donos xarakterli məlumatları yayanların hələ də ifşa olunmadığının şahidi olmuşuq. Adlar çəkilir, qınanılır, bir-birinin ardınca qarşılıqlı ittihamlar, üzləşmələr, təhqirlər… Sanki, onlar heç məşhur bir təhsil ocağının alimləri deyil, hansısa striptiz klubunun “çılpaq” işçiləridir… İnsanı iyrəndirən frazar, öz doğma təhsil  ocağına, aparıcı mütəxəssislərin ünvanına söylənilən təhqiramiz ifadələr… daha nələr, nələr…

Yalançı imzalarla portalımıza məlumatlar ötürən bu insanlar bizim fəaliyyətimizi öz arşını ilə ölçməyə cəhd edir, bununla da biz yazarları ələ salmış olurlar. Xatırladırıq- bununla siz, bizləri özünüzə düşmən etmiş olursunuz! Əgər alimlik fəaliyyətinizi davam etdirmək sizin üçün çətin, ağır  bir işə çevrilibsə, onda özünüzə digər fəaliyyət sahəsi seçin. Yada ki, söz azadlığından ləyaqətlə istifadə etməyi öyrənin!

Yeri gəlib, soruşuruq:- sən kimsən, ey donos yazan məxluq?!. Adın varsa, özünü bildir, özündə ləyaqət tap! Əgər özündə ləyaqət və şərəfi kəşf edə bilsən, onda məlumat mənbəyinin anonimliyini qorumağa zəmanət verə bilərik!

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.