5–8 may 2025-ci il tarixlərdə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tabe olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Bakı Dövlət Universitetində “Türk Dünyası universitetləri arasında keyfiyyət ittifaqı proqramı” (Türk Dünyası Üniversiteleri Arası Kalite İttifakı Programı) keçirilmişdir.
Dörd gün davam edən təlim proqramının əsas məqsədi Türk Dünyası universitetləri arasında ali təhsildə keyfiyyət təminatı sistemlərinin inkişafına dəstək vermək və dayanıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasına töhfə vermək olmuşdur.
Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və Gəncə Dövlət Universiteti də daxil olmaqla ali təhsil müəssisələrinin keyfiyyət təminatı mərkəzlərinin nümayəndələri, TİKA rəsmisi Kürşad Özdemir, Kırşehir Ahi Evran Universitetinin prorektoru və Keyfiyyət İdarəetmə Koordinatoru professor Hüseyin Şimşek, İcra Komitəsinin üzvü dosent Fatih Yaman və rektor müşaviri Əkrəm Öztürk iştirak etmişlər.
Təlim proqramında Gəncə Dövlət Universitetini Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Ruslan Məmmədov təmsil etmişlər.
Təlim proqramı çərçivəsində “Ali Təhsildə Keyfiyyət Təminatı Sistemi”, “ISO Keyfiyyət İdarəetmə Standartları”, “EFQM Modelinin Universitetlərdə Tətbiqi”, “YÖKAK Beynəlxalq İnstitusional Akkreditasiya Proqramı” və “Azərbaycanda Keyfiyyət Təminatı Sistemləri” mövzularında təqdimatlar keçirilmiş, geniş fikir mübadiləsi və praktik müzakirələr aparılmışdır.
Proqram çərçivəsində ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemlərinin qurulması, akkreditasiya proseslərinə dair məlumatlılığın artırılması, həmçinin EFQM və ISO 9001 standartlarının tətbiqinə dair bilik və təcrübə paylaşımının təşviqi əsas məqsədlər sırasında olmuşdur.
Ali təhsildə keyfiyyətə əsaslanan transformasiyanı dəstəkləyən və Türk Dünyası universitetləri arasında davamlı əməkdaşlıq platformasının yaradılmasını hədəfləyən bu proqram iştirakçılar üçün mühüm inkişaf və tərəfdaşlıq imkanları yaratmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti