Bu il 9 may günü faşizm üzərində qələbənin 76-cı il dönümünü qeyd ediləcək. Bu qələbənin əldə edilməsində gəncəlilərin də öz payı var.
1941-1945-ci illərdə Gəncədən 25643 nəfər əsgər, 731 nəfər zabit ordu sıralarına səfərbər olmuşdur. Onların böyük əksəriyyəti Azərbaycanda formalaşan milli diviziyaların şəxsi heyətində vuruşurdular.
Kişilər cəbhəyə yollandığından, Gəncənin sənaye müəssisələrində işləyən qadınların sayı iki dəfədən çox artaraq, 1944-cü ildə ümumi işçilərin 55,3 %-ni təşkil etdi.
Şəhərin 18 müəssisəsində istehsal hərbi sifarişlər üzrə təşkil edildi. Bu müəssisələrdə şinel, sırıqlı isti jilet, alt paltarları, dolaq, kürk, keçə ayaqqabı, yəhər və cəbhə üçün gərəkli olan 26 adda yeni növ məhsul istehsal olunmağa başladı. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə “çoxdəzgahçılıq”, “ikiyüzçülük”, “üçyüzçülük”, “vaxtla hesablaşmamaq”, ”cəbhə əmək növbəsi”kimi hərəkatlar meydana gəldi.
1942-ci ildə Simferopolda yerləşən mexaniki zavod Gəncə şəhərinə köçürüldü və qısa müddətdə işə salınıb cəbhə ehtiyacları üçün məhsullar istehsal etməyə başladı. Gəncə mahud fabrikində 20 dəzgah əvəzinə 110 dəzgaha xidmət edən əmək qabaqcılları vardı. Şəhər ərazisindəki 11 kolxoz və 3 sovxozda əməkçilər üçün gecə və gündüz məfhumları demək olar ki, yox idi. Gəncə deposunun kollektivi sıradan çıxmış onlarla paravozu və zirehli qatarı təmir edib cəbhəyə -ön xəttə göndərirdilər.
Arxa cəbhədə fədakar əməyinə görə 600-dən çox gəncəli fəhlə, kolxozçu, ziyalı orden və medallarla təltif edilmişdi.
Gəncəyə köçürülən çoxlu hərbi xəstəxanalar müxtəlif təyinatlı binalarda-məktəblərdə, klublarda və s. yerləşdirildi. Müharibə illərində şəhərdə 460 nəfər tibb bacısı hazırlandı. 26 256 nəfər sanitariya maarifi dərnəklərinə cəlb olundu. Qanköçürmə stansiyası təşkil edildi. Ümumiyyətlə, 4 il ərzində 2604 nəfər gəncəli donor cəbhə üçün min litrdən çox qan vermişdir.
Şəhərdəki xəstəxanalarda müalicə olunan döyüşçülərdə ruh düşkünlüyü yaranmasına yol verilməməsi üçün Gəncə Dram Teatrının kollektivi 2 minə yaxın konsert proqramı ilə çıxış etmişdir.
Cəbhə bölgələrindən köçürülən 16 mindən çox insan Gəncə və Xanlarda sığınacaq tapmışdı. Təkcə 1942-ci ildə gəncəlilər valideynlərini itirən 200-dən çox uşağı övladlığa götürmüşdülər. Dərhal təşkil edilmiş 2 uşaq evində isə 375 uşaq tərbiyə olunurdu.
Müharibənin ilk illərində Gəncə zəhmətkeşləri qələbə naminə nələri vardısa verirdilər, döyüşçülərə sovqat və hədiyyələr göndərirdilər. Təkcə Stalinqrad döyüşçülərinə Gəncədən 6 vaqon pay-sovqat yola salınmışdı. 1941-1945-ci illərdə Gəncə zəhmətkeşləri müdafiə fonduna 1 kq-dək qızıl, 18 kq gümüş, milyon manatlarla nağd pul vermiş, dövlətdən 50 milyon manatlıqdan çox istiqraz vərəqələri almışdılar.
Gəncənin yüzlərlə övladı müharibənin ön cəbhəsində igidliklə vuruşaraq, əsgəri şöhrət qazandılar. İsrafil Məmmədov, Müseyib Bağırov, Məmməd Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.
Zabitlərdən H. Zeynalov, N. Axundov ,N.Ələkbərov, S.Quliyev, A.Əliyev,Q.Sultanov,Ə.Bayramov,M.Məmmədov,Ə.Bağırov və bir çox başqaları Azərbaycan diviziyalarının heyətində Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdilər.
Mirdamət Seyidov partizan hərəkatında göstərdiyi qəhrəmanlıqlara görə Yuqoslaviya hökumətinin orden və medalları ilə mükafatlandırıldı.
“Armando” ləqəbli Ənvər Abbaszadə İtaliya partizan hərəkatının qəhrəmanı oldu. Yeri gəlmişkən, “Armando” görkəmli mütəfəkkir Mirzə Abbas Abbaszadənin oğludur.
Faşizmin bütün bəşəriyyətə qarşı törətdiyi bu müharibədə, qədim Gəncənin insanları həm ön cəbhədə , həm də arxa cəbhədə əsl igidliklər göstərdi, hər cür əzaba, məhrumiyyətə üstün gələrək, Qələbə üçün canlarını belə əsirgəmədilər. Odur ki, gəncəlilərin də 9 May Qələbə günündə əsl bayram etməyə tam haqqı var, ancaq… Ancaq, əvvəlcə 8 may günü düşmənə təslim edilən Şuşamız azad edilməlidir, işğal altında olan digər torpaqlarımız yağı tapdağından təmizlənməlidir. Bax, əsl qələbəni o zaman bayram edəcəyik!
Yuxarıda sadaladığımız faktlar isə , bu qələbəyə aparan yolun bələdçiləri sırasındandır.
Mahir isayev,
Gəncə.