Bir neçə gün bundan qabaq kütləvi informasiya vasitələrində Gədəbəy ziyalıları adından “Gədəbəy ziyalıları həyəcan təbili çalır” adlı müraciətimiz yayımlanmışdı.
https://moderator.az/az/cemiyyet/646693/gedebey-ziyalilari-heyecan-tebili-calir-video/
https://teref.az/manset/284875-gedebey-ziyalilari-heyecan-tebili-calir-.html
http://mediaxeberleri.az/index.php?newsid=82968
Gədəbəy ziyalıları adından göndərilən bu müraciətdən dərhal sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən heç bir yoxlama aparılmadan mənə və kütləvi informasiya vasitələrinə belə bir cavab göndərilmişdir:
“Xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib.
Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb”.
Maraqlıdır, müraciətdən bir neçə saat sonra bu ekoloji təhlükəsizlik xidməti Bakıdan Gədəbəyin Söyüdlü kəndinə durbin vasitəsi iləmi ekspertiza etdi? Bir neçə saata Bakıdan Gədəbəyin kəndinə belə bir ekspertiza və qərar elmdə yenilikdir və bu yeniliyə “Nobel mükafatı” düşür. Elə bunun özü bu xidmətin məsuliyyətsizliyindən xəbər verir.
Digər tərəfdən, ekspertiza rəyində iddia olunan, guya xüsusi örtüklə izolyasiya edilən ambarlar videoda və şəkillərdə açıq-aydın görünür. Sianid göllərinin üstü açıq olduğundan həm buxarlanma, həm sızma, həm də küləklər vasitəsi ilə sianid buxarları bütün bölgəyə yayılır.
03 iyun 2023-cü il tarixdə Söyüdlü kənd sakinləri zavod rəhbərliyinin bu özbaşınalığına qarşı etiraza qalxdı. Məsələyə rayonun polis orqanı da qarışdı. Videolar əlavə olunur. Zavod nümayəndələri deyir ki, “Türkiyədə təbii fəlakət zamanı 59 mindən artıq adam öldü. Siz ölsəniz nə olacaq ki?” Onlar etiraf edirlər ki, il yarım bundan qabaq bu proses dayanmalıydı. Amma dayandırmırlar.
Maraqlıdır, zavod rəhbərliyinin özlərinin də etiraf etdiyi kimi, şirkətin torpağı yoxdur. Onda hansı əsasla 48 hektara yaxın ərazini zəbt edib, heç bir təhlükəsizlik qaydalarına məhəl qoyulmadan bu üstü açıq sianid quyuları tikilir?
Bir daha bildirmək istəyirik ki, əlavə olaraq göndərdiyimiz şəkillərdən və videolardan da açıq-aydın bilinir ki, bu gölün tikintisi zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmayıb. Gölün qabaq hissəsi, o cümlədən alt hissəsində heç bir beton və ya hidroizalyasiya qoyulmayıb. Bu gün o gölün sahəsi 10 hektara çatsa da üst hissəsi də bağlanmayıb. Beləcə sızıntı və buxarlanma vasitəsi ilə təbiət və insanlar bu sianid turşusun təsiri nəticəsində məhv olur.
Bu sianid gölləri orada yaranan ildən rayonun bir çox kəndlərində meyvə və digər kənd təsərrüfatı məhsulları əmələ gəlmir. Kartof artıq yoxa çıxmaq üzrədir, qısa bir müddət ərzində xarab olur. Xərçəng, böyrək, ürək, ağ ciyər, bronxit kimi xəstəliklər baş alıb gedir. Ekologiya və təbii sərvətlər nazirliyi hara baxır? Digər dövlət qurumları hara baxır?
Hal hazırda daha bir təhlükə yaranıb. Belə ki, həmin bu gölün tamamilə dolmaq üzrə olmasına baxmayaraq zavod o göldən istifadə etməkdə davam edir. Güclü bir yağış nəticəsində o gölün dolaraq daşma və ya dağılma təhlükəsi an məsələsidir, bu da sianid gölünün yaxınlığından keçən Şəmkir çayını, Şəmkir su anbarını, o cümlədən, Kür çayını zəhərlənməsi deməkdir.
Bütün bu problemlərə baxmayaraq zavod yeni bir gölün inşasına hazırlaşır. Bu gölün həcmi 48.5 hektar ərazini zəbt edəcək. Bu isə nə deməkdir və nələrə səbəb olacağını düşünmək belə acınacaqlıdır.
Bir daha bildirmək istəyirəm ki, bu göllər sianid turşusundan ibarətdir. Sianid turşusu həddindən artıq zəhərlidir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir.
Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa insan həyatı üçün öldürücü funksiyaya malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, sianid olan havada nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür (miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez, 0,1 milliqram olduqda isə tədricən öldürür).
Gədəbəydə son illər baş verən xəstəliklərin, gənc yaşda olan ölümlərin, təbii qıtlığın səbəbi bu zəhərli göllərdir. Sızıntı və buxarlanma nəticəsində bu zəhər bütün rayona yayılır.
Kütləvi informasiya vasitələri bu məsələyə laqeyd qalmamalı, ictimaiyyətin, eləcə də hökumət orqanlarının diqqəti bu məsələyə yönəldilməlidir, lazımi tədbirlər görülməlidir, əks halda ekoloji fəlakət qaçılmazdır.
Hörmətlə, Elçin Cavadov,
texnika elmləri doktoru.
Bu günə kimi Ekoloqiy nazirliyinin nümayəndəsi Söyüdlü kəndində olmayıb. Onların oldu məkan “Eldarado” və “Meh” otelləri olub. Ordan oyana keçmək imanları olmayıb.))