Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindən yayımlanan eksklüziv reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilir.
Etmtv. news Publika.az-a istinadən xəbər verir ki, TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə bölgəsində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Əsgərlərimiz Azərbaycan Ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini bildiriblər.
Reportajda əllərində Azərbaycan və Türkiyə bayraqları olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval-ruhiyyəsində olduqları göstərilib.
Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusunun da olduğunu vurğulayıb.
Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib, ölənlər və yaralananlardan danışılıb, ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.
Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardmanı nəticəsində uşaq və qadın daxil olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını diqqətə çatdırıb.
Qeyd edək ki, TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxarıb.