Yekun konsert bayrama çevrildi

XX əsr musiqi mədəniyyətimizin görkəmli nümayəndələrindən olan Fikrət Əmirov zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə hər zaman  diqqət mərkəzindədir. Dünya şöhrətli bəstəkarın bütün əsərləri bəşəri xarakter daşıdığından onun ədəbi irsi yalnız bir xalqın deyil, dünya mədəniyyətinin incilərindən sayılır.F.Əmirovun bədii təfəkküründən süzülən hər bir musiqi əsəri təsirli, düşündürücü fikir və ideyalarla zəngindir.

Bu gün onun adını onlarla mədəniyyət ocağı daşıyır. Onalrdan biri də F.Əmirov adına 1 saylı Gəncə şəhər Uşaq Musiqi Məktəbidir. Vaxtilə atası Məşədi Cəmil tərəfindən əsası qoyulan, Azərbaycanın və qədim Gəncənin ilk musiqi məktəbi olan bu təhsil ocağı 1940-cı illərdə elə dahi bəstəkarın rəhbərliyi altında yaddaşlarda qalan bir tarix yaşamışdı. Bu illərdə çoxlu sayda gələcək tanınmış musiqiçilər, bəstəkarlar, mədəniyyət və incəsənət aləmində tanınmış simalar, alimlər yetişmişdi. Bu missiya günümüzdə də davam etdirilməkdədir. Bəstəkarın adını daşıyan bu təhsil və musiqi məbədi dahi bəstəkarın adını öz əməli işi ilə daim uca tutur, onun miras qoyub getdiyi müqəddəs iş bu gün də layiqincə davam etdirilir.

F.Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbi bu günəcən öz şanlı tarixini yalnız yaddaqalan işlərlə yazıb. Bunu dərindən anlamaq üçün məktəbin müasir tarixinə nəzər salmaq kifayət edər. Məktəb Gəncə şəhərində fəaliyyət göstərən musiqi məktəbləri arasında öz nailiyyətləri ilə həmişə nəzəri cəlb edən bir təhsil ocağıdır. Şəhər və respublika əhəmiyyətli bütün müsabiqələrdə həmişə qalib yerlərə imza atıb, müəllimlər yüksək peşəkarlıq nümayiş etdirib, onların dərs dediyi şagirdlər yüksək hazırlığı ilə seçilib. Məktəbin müəllim və şagirdlərindən ibarət ansambllar Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi altında şəhərimizin ictimai həyatında həmişə özünəməxsus fəallığı ilə diqqəti cəlb edib. Bir sözlə, məktəb öz fəaliyyətilə daşıdığı ada hörmət və ehtiramını əməli işi ilə sübut edib.

Gəncəbasar bölgəsində fəaliyyətdə olan bütün musiqi məktəbləri arasında F.Əmirov adına Uşaq Musiqi Məktəbi qədər mükafatlandırılan təhsil ocağı çətin ki, tapıla. Bu məktəb tək Mədəniyyət Nazirliyi və Respublikamızın Mədəniyyət Nazirləri tərəfindən onlarla fəxri fərman və diplomlara layiq görülüb. Bu, uzun illər ərzində məktəbdə aparılan gərgin zəhmətə verilən ən dolğun-yaddaqalan mükafatlardır və məktəb kollektivinin həqiqətən də bununla öyünməyə, fəxr etməyə haqqı vardır.

Bu illər ərzində məktəb  unudulmaz bəstəkarın adı ilə bağlı çoxlu sayda tədbirlərə start vermişdir. Bu tədbirlərdə bəstəkarın həyat və fəaliyyətinə bir daha nəzər salınmış, onun xatirəsi həmişə hörmətlə anılmışdır.

Məktəbin 95-ci ildönümünə həsr olunmuş 2017-2018-ci tədris ilinin yekun konserti 1 saylı Uşaq Musiqi Məktəbinin həyata keçirdiyi ən mötəbər və yaddaqalan tədbirlərdəndir. Yubiley konserti Gəncə Uşaq Yaradıcılıq Birliyinin böyük zalında keçirildi. 9 iyun 2018-ci il tarixində keçirilən konsertdə Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev başda olmaqla idarənin işçiləri, məktəbin keçmiş qocaman müəllimləri, şəhər ictimaiyyəti, şagirdlər və valideynlər iştirak edirdilər. Həmin gün məktəbin 95 illik yubileyi məktəbin kollektivi tərəfindən təntənə ilə qeyd olundu. Bu münasibətlə Gəncənin mədəniyyət və incəsənət işçiləri, məktəbin müəllim və şagird kollektivi yubileyi  özünəməxsus qaydada qeyd etdilər. Bu tədbirdən alınan təəssüratlar məktəbin kollektivinin, şəhərin mədəniyyət və incəsənət işçilərinin yaddaşında uzun illər ərzində silinməyəcək  iz buraxmışdır.

Çıxış edənlər məktəbin illər boyu uğurlu fəaliyyətini dönə-dönə qeyd etdilər. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, məktəbin direktoru Aidə Əmrahovanı və məktəbin 95 illiyi münasibətilə məktəbin aparıcı müəllimlərini – Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovu, Azərbaycan Respublikasının Əməkdar artisti Elçin Elçiyevi, fortepiano müəllimi Svetlana Hüseynovanı, məktəbin tar müəllimi Vaqif Qaraxanovu, truba müəllimi Alik İsmayılovu, nəzəriyyə müəllimi Məhrubə Məmmədovanı, kanon müəllimi Aysel Həsənovanı, skripka müəllimi Nina Verbovanı, konsertmeyster Günay Məmmədovanı və dərs hissə müdiri Elmira Əliyevanı Fəxri Fərmanlarla təltif etdi.

Konsert məktəbin nəfəsli alətlər orkestrinin çıxışı ilə başladı. Məktəbin Xalq Çalğı Alətləri Ansamblının ifasında F.Əmirovun “ Təntənəli rəqs”i (Bədii Rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Elçin Elçiyevdir) səsləndirildi. Məktəbin III sinif şagirdləri-Gənc pianoçuların III Respublika müsabiqəsinin iştirakçıları-Məmmədli Xatun və Zəhra Abbasovanın ifasında ( Müəllilmər Hüseynova Svetlana, Qaraxanova Elmarə) Vesnyakın “Karlson”, forterianoda IV sinif şagirdi 3 respublika müsabiqəsinin iştirakçısı İbrahimova Turanənin (müəllim Salahova Albina) ifasında F.Şopenin “Vals 7” cis-moll, fortepianoda Q. Qarayevin 100 illiyinə həsr olunmuş simli və nəfəsli alətlər üzrə gənc ifaçıların və Ümummilli lider H. Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş III Respublika Müsabiqələrinin Diplomantı (III yer), V sinif şagirdi Rəna Sadıxova və V sinif şagirdi Cavadzadə Səkinənin (müəllimlər-Afaq Ələkbərova və Nina Verbova) ifasında F.Əmirovun “İthaf”, fortepianoda V sinif şagirdi İmanlı Fatimə və IV sinif şagirdi Dərya Namazovanın ifasında (Müəllim Svetlana Hüseynova) Dvorjakın “Slavyan rəqsi”, II sinif şagirdi Məmmədzadə Camal, V sinif şagirdi İmanlı Fatimə,  Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Fortepiano ansambl və müşayiəti üzrə müsabiqənin Diplomantı, VI sinif şagirdi Elnarə Əliyevanın ifasında (müəllim Hüseynova Svetlana) Mədinə Hüseynovanın “Gəncəliyəm”, fortepianoda Gənc pianoçuların III Respublika müsabiqəsinin Diplomantı VI sinif şagirdi Mədinə Əsgərovanın ifasında (müəllim Səkinə Əsgərova) A.Məlikovun “Prelud №3”, tarda müəllim Ağayev Fərhad və II sinif şagirdi Yunis Məmmədovun ifasında T.Quliyevin Popuri, fortepianoda İbrahimova Türanə və Cavadzadə Səkinə, skripkada Sadıxova Rəna və Rəhimova Nazəninin ifasında Riatsolonun “Libertango”, kanonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş Respublika musiqi müsabiqəsinin III dərəcəli Diplomantı IV sinif şagirdi İslamova Məryəmin ifasında ( Müşaiyət edir F. Əmirov adına Gəncə Dövlət Kamera Orkestri, Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq Artisti Rafael Bayramov) Rumun rəqsi “Şaptasker”, fortepianoda Q. Qarayev adına III Respublika elmi ifaçılıq müsabiqəsinin və Gənc pianoçuların III Respublika müsabiqəsinin Diplomantı, IV sinif şagirdi Cavadzadə Səkinənin ifasında ( Müşayiət edir Gəncə Dövlət Kamera Orkestri, Bədii rəhbər və dirijor Azərbaycan Respublikasının Xalq Artisti Rafael Bayramov) F.Şopenin “Poqanini üçün siluet”, skripkada IV sinif şagirdi Sadıxova Rənanın ifasında (Müşayiət edir F.Əmirov adına Gəncə Dövlət Kamera Orkestri, Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq Artısti Rafael Bayramov) A.Məlikovun “ Məhəbbət əfsanəsi baletindən Nokturn”,  fortepianoda bəstəkar müəllim Svetlana Zəlmixanqızının ifasında S.Ələsgərovun “Şalaxo” əsər və mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Yekun konserti bayrama çevrildi.

 

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.