Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış mərasimi keçirilib

04-09 Mart 2025-ci il tarixlərində ölkəmizdə ilk dəfə olaraq Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçirilir.

Festival öz işinə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu” mövzusunda elmi seminarla başlayıb.

Festivalın təntənəli açılış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xəyal Əliyev və Sahil Quliyev) iştirakı ilə baş tutub. Açılışda Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samir Məmmədov, Zəminə Mustafayeva, Rövşən Məmmədov, Anar Quliyev, Şirxan Cahangirov, Azər Verdiyev “Böyük Dayaq” kinofilmindən Pərişanın mahnısı, “Qatar” təsnifi, “Laylay”, “Dağlar qızı reyhan”, “Yar üçün”, “Evləri var xana-xana”, “Göygöl” və bəstəkarın digər mahnılarını ifa ediblər. Ansamblın “Nağaralarla rəqsi” böyük rəğbətlə qarşılanıb.

Festivalın ilk günü, eyni zamanda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və dirijor Xəyal Qəhrəmanov) müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, Beynəlxalq və respublika müsabiqələr laureatı Mirnofəl Həsənov(tar), Seymur Sadıqov (balaban), solistlər Rüstəm Cəfərov, Fuad Ramazanov, “Küçələrə su səpmişəm”, “Evləri var xana-xana” xalq mahnılarını, “Baharımsan”, “Gülərəm gülsən”, “Gülüm” romanslarını, “Aşıqsayağı”, “Kor ərəbin mahnısı”nı ifa ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.