Faşizmdən daha təhlükəli Farsizm… – Vaqif Abdullayev yazır

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum aktını qətiyyətlə pisləyərək bunu terror aktı kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu Azərbaycan dövlətinə qarşı Tehran rejiminin məsuliyyətsiz davranışlarından biridir və paytaxtın mərkəzində belə bir teraktın törədilməsi İranın hüquq-mühavizə orqanlarının Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin edilməsində “fəaliyyətsizliyinin” nəticəsidir.
İran hökuməti bu hadisəyə görə cavab vermək əvəzinə, məsuliyyətndən qaçmaq üçün müxtəlif fərziyyələr uydurur. Vyana Konvensiyalarına görə Tehran birbaşa məsuliyyət daşıyır. Ancaq Fars rejimi bu qanlı hadisəni İran vətəndaşı Yasin Hüseynzadənin adı ilə bağlamağa və şəxsi və ailə problemləri ilə izah etməyə çalışmaqla əslində bu terrorun əsil təşkilatçılarını gizlətməyə, onların cinayətinin üstünü ört-basdır etməyə çalışır. Bu sərsəm açıqlama həm də Tehran hökumətinin əsil qatilləri müdafiə etməsi anlamına gəlir.
Heş şübhə etmirəm ki, bu teraktın arxasında erməni terrorizmi dayanır. Yaxın tariximizdə “Asala” və “Daşnakstyun”un türk diplomatlarına qarşı amansız terrorlarının çox şahidi olmuşuq. Hamı yaxşı xatırlayır, erməni terrorizmi vaxtilə Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyənin səfirliklərinə silahlı hücum edərək qanlı aktlar törədir, diplomatları öldürürdü. Həmin ölkələrdə, xüsusilə də Fransada həmin terror aktları üçün münbit şərait yaradılmışdı.
Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı 30 il ərzində və 44 günlük Vətən müharibəsindən sonra İranın erməni terrorçularını silahlandırması sirr deyil, SEPAH-ın erməni silahlıları ilə bu gün də əlaqəsinin qalması məlumdur. Son günlərdə Ermənistanın müxtəlif qüvvələrinin İranda geniş əl-qol aşması, silah ticarəti haqqında razılaşmalar, Fars mollakratiyasının öz “qan qardaşı”na xüsusi qayğı və diqqət göstərməsi, hər iki ölkədə müxtəlif pozuculuq və qanlı toqquşmalara çağırışlar və Azərbaycan əleyhinə fəaliyyətlər bu terrorda da erməni izinin olmasını istisna etmir. Çünki necə vaxtdır ki, İrandakı müxtəlif radikal qüvvələr ermənilərlə birgə Azərbaycana qarşı müxtəlif təhdidlər səsləndirirdi. Bu gün baş verən hadisə bir daha təsdiqləyir ki, həmin cinayətkar şəbəkə öz planını həyata keçirir.
Bu silahlı hücumun Tehranın mərkəzində dövlət binası qarşısında törədilməsi İranın hüquq-mühafizə, təhlükəsizlik orqanlarının “məsuliyyətsizliyi”, terrora münbit şəraitin yaradılmasıdır. Səfirlik xüsusi mühafizə olunan dövlət zonasıdır. Görüntülərdən də aydın olur ki, cinayəti törədən şəxs əvvəlcədən planlaşdırılmış ssenari üzrə binaya daxil olub. Əgər bura avtomat silahla asanlıqla daxil olmaq mümkündürsə, ortaya bir çox suallar çıxır.
Necə olur ki, İran öz “qan qardaşı” Ermənistanın səfirliyini göz bəbəyi kimi qoruyur, erməni diplomatlarının həyatını öz təhlükəsizliyi hesab edir, ancaq Azərbaycanın dövlət yurisdiksayasına aid diplomatik binanın mühafizəsinə dırnaqarası yanaşır?
Həm Azərbaycan səfirliyinin qanlı hücumlara açıq qalması, həm də Tehran rejiminin terror hadisəsi barədə yayındırıcı açıqlamalar verməsi açıq-aşkar erməni dəyirmanına su tökməkdir, erməni terrorizminin geniş əl-qol açmasına imkan verməkdir. Bu, Farsizmin simasının göstəricisidir.
Əgər diplomatik nümayəndəlik belə hücuma məruz qalırsa, onda İranın xüsusi himayə etdiyi erməni cəlladları Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı hər an ağır qətllər törədə bilər.
Hesab edirəm ki, Azərbaycan türklərini qoruya bilməyən və erməni ilə işbirliyində olan Farsizmdən soydaşlarımızı qorumaq üçün beynəlxalq səviyyədə təhlükəsizlik tələb etməliyik.
Bu terror zamanı həlak olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərov Azərbaycanın cəsur və qorxmaz övladı kimi Şəhidlik Zirvəsinə ucaldı.
Həlak olmuş qəhrəmanımızın ailəsinə baş sağlığı verir, Allahdan səbr, yaralıların tezliklə sağalmasını diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.