Nazirlər Kabineti tərəfindən “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası” təsdiq edilib.
Qaydaya əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan vətəndaşları bu təqaüdü almaq hüququna malikdirlər.
Müsabiqədə iştirak üçün sözügedən universitetdə bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər. Tələbənin ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplaması, son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisinin 91-100 olması əsas şərtlərdəndir.
Təqaüd iki tələbə üçün, hər birinə “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” ölkə Prezidentinin müvafiq sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir və bir tədris ili müddətinə təyin edilir. Təqaüdün təyin olunması tələbənin digər təqaüdləri almaq hüququnu istisna etmir.
Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” 9 iyul 2019-cu il tarixli sərəncamına əsasən, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib.