Fərid Fazil oğlu Qayıbov Azərbaycanın gənclər və idman naziri təyin olunub. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Fərid Qayıbov 1979-cu ildə Bakıda anadan olub, Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinin məzunudur. Daha sonra P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
2003-cü ildən Azərbaycan Gimnastika Federasiyasında menecer kimi işləməyə başlayıb, daha sonra federasiyanın katibi seçilib. 2017-ci ildə Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib və Azərbaycan Gimnastika Federasiyasının katibi vəzifəsindən bununla bağlı istefa verib.