“Euronews” telekanalı işğaldan azad olunmuş Suqovşan kəndindən reportaj hazırlayıb.
Süjetin mövzusu Qarabağ münaqişəsi zonasında bu yaxınlarda aparılan hərbi əməliyyatlar zamanı Bakının nəzarətinə keçən ilk yaşayış məntəqələrindən biri Madagiz, tarixi adı artıq bərpa olunmuş Suqovuşan kəndi olub.
Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.
“Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: “Siz bu atı aparmayacaqsınız”. Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik”, – deyə X.Hümbətov Suqovuşanı tərk edərkən qarşılaşdıqları erməni vəhşiliyindən söz açıb və 27 il olmadığı doğma yerlərə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.
“Biz buraya gələn yolda bir neçə nəzarət-buraxılış məntəqəsindən keçdik. Hər yerdə hərbçilər var. Ancaq yerli sakinlər səbirsizliklə evlərinə qayıdacaqları günü gözləyirlər”, – “Euronevs”un müxbiri Emin İbrahimov kənddən bildirib.
Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsinə aid olan kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü.
Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib.