Azərbaycanın humanistliyindən sui-istifadə edənlərin, Qarabağa qanunsuz gələnlərin qoluna qandal da vurula bilər; sülhməramlıların davranışları isə yalnız 10 noyabr bəyanatına uyğunlaşdırılacaq…
Qarabağ azad ediləndən, sülhməramlılar 10 noyabr bəyanatına uyğun olaraq bölgəyə gələndən sonra Azərbaycan dövləti, rəhbərliyi maksimum humanist davranışlar göstərmək kursu seçdi. Ermənilərə yardımların edilməsinə şərait yaradıldı, onların sülhməramlılarla təmaslarının formatına bir müddət müdaxilə edilmədi. Düşünürəm, bu ona görə idi ki, ermənilərin məğlubiyyətdən, işğalçılıq siyasətlərinin məhvindən sonra özlərini necə aparacaqlarını müşahidə edək və buna uyğun növbəti davranış metodları seçək.
Bəs bu dövrdə ermənilər neylədilər? Böyük bir qismləri nəticə çıxarıb, Azərbaycanla hesablaşmaqdan başqa bir yolları qalmadıqlarını bəyan etsələr də, bəlli bir qrup, xüsusi ilə Serj Sərkisyana, Köçəryana, xaricdəki radikal erməni lobbisinə bağlı olan ermənilər provokativ fəaliyyətdən əl çəkmədilər. Noyabrda bir neçə dəfə erməni diversiya qrupları təxribatlar törətdilər, əsgərlərimizə hücumlar etdilər. Onlar birinci hücumda dərhal zərərsizləşdirildi, əsir götürüldülər, növbəti həmlədə isə bir neçəsi yerindəcə məhv olundu.
Ermənilər informasiya təxribatlarını da dayandırmadılar, çaşqınlar yaratmağa çalşdılar. Gah Xankəndi aeroportunu “işə saldılar”, gah Xudavəngdə bir dığa ilə axçinin nikahını bağladılar, gah Peqovla birgə Araik Arutunyanın yeni səngərlərə baş çəkməsi videosunu tirajladılar, gah Laçında, Xocavənddə mülki ermənilərin əlinə avtomat verib şəkillərini yaydılar və s. Hətta belə şayiələr də ötürməyə başladılar ki, guya Qarabağdakı ermənilərə Rusiya pasportu veriləcək…
Bu arada sülhməramlıların da mandatlarından kənara çıxan müəyyən fəaliyyətləri oldu. Daha dəqiq desək, qondarma “artsax”ın əski parçasını Rusiya bayrağı ilə yanaşı qoymağa icazə verdilər, Rüstəm Muradovun Arutunyanla qucaqlaşan şəkillərindən ermənilər gen-bol təxribat, qıcıq məqsədi ilə istifadə etdilər…
Bu müddətdə Azərbaycan cəmiyyəti, xüsusi ilə sosial şəbəkə istifadəçiləri kifayət qədər sərt mövqe tutdu. Bir çoxları hökumətə də səslənirdilər ki, bunlara cavab verilsin, Xankəndi məsələsinə aydınlıq gətirilsin və s.
Daim qeyd etdik, yazdıq ki, ermənilərin bu etdikləri məğlubiyyətdən, çarəsizlikdən, hikkədən doğan sırf pozuculuq fəaliyyətidir, təxribatlardır və qısa zamanda Azərbaycan bunların da qarşısını alacaq…
Təbii, dövlət neylədiyini çox gözəl bilirdi, səbrli, təmkinli davranış göstərməkdə haqlı idi. Az-çox informasiya “mətbəxindən”, dövlətdəki mənbələrdən bizə də bəlli idi ki, Azərbaycan sadəcə yaranmış durumu, ermənilərin bundan sonrakı dönəm üçün hansı qənaətə gəldiyini diqqətlə müşahidə edir, hər şey də kontroldadır və heç bir qanunsuzluq cavabsız qalmayacaq. Əmin idik və bu əminliyimizi bütün yazılarımızda xalqa da duyururduq. Sadəcə, bir müddət – müharibədən sonrakı dönəmdə bir qədər sərbəst rejim verildi, humanistlik göstərildi. Lakin Azərbaycanın bu humanizmindən ermənilər doğru faydalana, nəticə çıxara bilmədilər. Ermənistanda başıpozuqluq o yerə çatdı ki, kriminal mahiyyətli xarici işlər naziri Ara Qüdrətoviç Ayvazyan Xankəndinə gəldi, görüş keçirdi.
Hacıqabullu Qüdrət kişinin “günahı” olan Ara bununla özünü “qorxmaz” adam kimi göstərməyə çalışdı, barəsində “erməni igidi” obrazını formalaşdırmağa cəhd etdi.
Dünya mətbuatında adı narkotik dövriyyələrində, müxtəlif beynəlxalq cinayətlərdə hallanan Ayvazyan elə zənn etdi ki, Azərbaycan torpaqlarına da qanunsuz gəlib-gedə, kriminal mahiyyətinə uyğun davrana bilər. Hələ anlamır ki, günlərin birində “Yarasa” dəstəsi onun da, Arutunyanın da qoluna qandal vurub, Bakıya götürüb gətirə, məhkəmə qarşısına çıxara bilər. Bunu artıq dərk etməlidirlər, bu hər an baş verə bilər.
Həə, deməli, dəmir yumruğun ağrısı başlarında azalan kimi, bəzi ermənilər özlərini apara bilmirlər. Odur ki, Azərbaycan Prezidenti ermənilərə, yaddaşını itirmişlərə, cızığından çıxmaq istəyənlərə növbəti dəfə xəbərdarlıq etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin yanvarın 6-da ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasında verdiyi mesajlar, etdiyi xəbərdarlıqlar eyni zamanda cəmiyyətimizdə bir çox insanların narahatlığına da son qoydu, yaranmış bütün suallara cavab verildi!
Sitat: “Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq.
İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.
Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, – ancaq Qırmızı Xaç istisna olmaqla, – oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.
Cəmiyyətimizdə xüsusi ilə sülhməramlı missiyaya ermənilərə qanunsuzluq üçün şərait yaradılmasına görə təpki vardı. Ali Baş Komandan bir daha sübut etdi ki, heç bir məsələ diqqətdən kənarda qalmır və bütün işlər Azərbaycan qanunları, beynəlxalq normalarla tənzimlənəcək. Humanizm prinsiplərindın sui-istifadə edənlər isə peşman ediləcək.
Sitat: “Sülhməramlı qüvvələrin orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur.
Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik.
Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış Bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu Bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.
Eyni zamanda, imkan verdik ki, – söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, – erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər?..”
Prezident diversiya qrupları ilə bağlı da konkret plan olduğunu bəyan edib: “Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük.
Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.
Dövlət başçısının açıqlamasından gəlinən qənaət budur ki, heç kimə tabe olmaq istəməyən bu terrorçuları, diversantları Azərbaycan özü zərərsizləşdirəcək. Bu, həm Azərbaycan qanunlarının, həm də beynəlxalq hüququn tələbidir…
Azərbaycan cəmiyyəti bir daha əmin olsun ki, Qarabağı azad edən dövlət bölgədə hansısa təxribatlara can atanları, Hacıqabullu Qüdrətin oğlu, atasından imtina edən Ara Ayvazyanı və onun kimi digər kriminal mahiyyətli görünmək istəyənləri də yerində oturdacaq. Əgər bu gün Araik Arutunyana Xankəndində bir icma lideri kimi ermənilərlə təması qadağan etmiriksə, bu o demək deyil ki, bacarmırıq. Sadəcə, Azərbaycan bölgədə sülh, normallaşma istəyir və bunun üçün humanizm prinsiplərinə üstünlük verir. Əgər bu adamlar vəziyyəti doğru qiymətləndirməyəcəksə, təxribatlarını davam etdirəcəksə, dəmir yumruq növbəti dəfə başlarına dəyəcək…
Azərbaycan bu kimi adamlara hələlik baş qoşub, onların təxribatlarına uymur.
Diqqət edin, Prezidentin açıqlamasından həm də o aydın olur ki, Azərbaycan xırda, texniki məsələlərə vaxt itirmir, indi çox ciddi bir proses aparır.
Sitat: “Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək.Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənist an, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq.
Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək”…
Üstəlik, Füzulidə eroport tikilməsinə qərar verilib, Laçın və ya Kəlbəcərdə də hava limanı inşası planlaşdırılır.
2021-də bütövlükdə Qarabağda böyük quruculuq, abadlıq işləri başlayır. Şuşada festival planları, bölgəni turizm zonasına çevirmək strategiyası qurulur.
Ümumiyyətlə, Azərbaycan çox böyük bir plan qurub Qarabağla bağlı – oranı cənnət edəcəyik.
Bu böyük planların icrasının gedişatında əlbəttə ki, Xankəndində də idarə etmə mexanizmi Azərbaycan qanunları əsasında qurulacaq, orada Azərbaycan bayrağı dalğalanacaq, sərhədlərimizdən bizdən icazəsiz kimsə keçə bilməyəcək. Ermənilərin başıpozuq dəstələri də neytrallaşdırılacaq, təxribatçı açıqlamalarına, davranışlarına da son qoyulacaq. Yetər ki, bir az səbr edək. 100 illik işğal planını məhv etmişik, 30 illik işğala 44 gündə son qoymuşuq. Təbii, 2-3 ay ərzində bütün işlər tam nizama düşə bilməz. Nəzərə alaq ki, Xankəndində, Xocavənddə, Ağdərədə vətəndaşımız olan ermənilər də yaşamlıdır, o üzdən bütün bu işlər ağayanalıq, səbr və təmkin tələb edir. Biz radikal davransaq, dünyanı, erməniləri necə inandıra bilərik ki, onlara ayrıseçkilik edilməyəcək, rahat yaşamalarına şərait yaradılacaq?! Təbii, ermənilər də özünü ağıllı aparmalıdır, başıpozuq dəstələr “yox olmalıdır”.
Biz isə bir dövlət, xalq olaraq birliyimizi daha da möhkəmləndirməkdə davam etməliyik. Hansısa erməni təxribatı olanda, dövlətimizə güvənməliyik, dərhal ittihamlara keçib diversant, kriminal ermənilərin fitnəsinə uymamalıyıq. Onlar bir müddət, bəlkə də xeyli müddət olacaq. Amma nə zaman baş qaldırsalar, dəmir yumruq təpələrinə enəcək. Bu yumruğumuzu birliyimizlə daha güclü etməliyik.
Və bir də maksimum çox sayda – azı 1,5 milyon azərbaycanlının Qarabağda yerləşməsi planını prioritet seçməliyik…
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”