Yaxından tanıdığımız, hörmətini saxladığımız, şeirlərini sevə-sevə oxuduğumuz, bu şeirlərə həsr olunmuş klipləri maraqla və həvəslə dinlədiyimiz bir şair var – Eltun Türkel!
Sadə insandır. Sadəliyi qədər də oxucuların rəğbətini qazana bilmək istedadı var bu insanda. Onu yaxından tanımayanlar belə bu insana, vətənpərvərə, şairə öz rəğbətini gizlətmir. Tez-tez sosial şəbəkələrdə onun şeirlərinə bəstələnmiş klipləri görürük, alqışlayırıq, hətta tərifləməkdən belə çəkinmirik. İnsanlarla ünsiyyətdən yayınmaz, dostluğa həmişə şaddır bu insan. Amma ən çox sevilən məziyyətlərdən biri yaradıcılıq məhsulu olan, saf qəlbinin dərinliyindən süzülən şeirləridir.
Hərdən məndən də soruşurlar:- Kimdir bu şair? Harada yaşayır?- Çoxunun bu insan haqqında doğrudan da bir məlumatı yoxdur. Amma, bilmək istərdilər.
Şairlə bu mövzuda olan söhbətimiz sadəcə bir müsahibəyə çevrildi. Qərara aldıq ki, söhbətimizi elə belə də qələmə alaq: – Eltun Türkelə 10 sual!
-Eltun Türkelin şeirlərinin qayəsi nədir?
-Nakam məhəbbətdən qaynaqlanan ağrılar.
– Niyə məhz nakam məhəbbətdən? Bu ağrılar digər mövzularda da var. Məsələn, vətən həsrəti. Siz məncə, axı, Göyçə mahalındansınız.
– Bəli, Göyçə mahalı mənim ana vətənimdir. Əfsuslar olsun ki, onu görmədən itirdim, digər məhəbbətimi isə görə-görə itirdim.
– Məhəbbətiniz beləmi nakam olub? Yoxsa bu, yaradıcılıq üçün seçilmiş bir mövzudur?
– Əlbəttə ki, yaradıcılıq üçün məhəbbət, həm də nakam məhəbbət böyük bir ənənəvi mövzudur. Bununla belə, onu da deyə bilərəm ki, mənim bir şair kimi həyat xəttimi məhz nakam məhəbbət bölüb. Bu səbəbdən şeirlərimin böyük əksəriyyəti də məhz nakam məhəbbətə həsr olunub.
– Şeirləriniz həmişə kliplə müşaiyət olunur. Bu, onları daha oxunaqlı, başa düşülən və maraqlı edir. Bu kliplər kimin məhsuludur? Burada da Eltun Türkelin əməyi varmı?
– Bəli, şeirlərimi özüm səsləndirirəm əksər hallarda və bütün klipləri özüm yığıram. Çalışıram kliplərdə səslənən fon musiqiləri də, səslənmə də şeirin sujet xəttinə uyğun olsun.
– Oxucularınız sizə adətən nə yazır? Onlar da özünü bu şeirlərdə görürlərmi? Onlar üçün şeirlərdə ən çox maraqlı görsənən nədir? Məhəbbətdə nakamlıq, cavabsız sevgi, yoxsa…
– Poeziya elə bir gözəl dünyadır ki, o dünyada hər kəs özünə lazım olanı tapır. Bir şeiri bir neçə nəfər oxuyursa, hər oxucu özünə lazım olan misranı tapır, əgər tapa bilirsə, nə xoş o müəllifə.
– Yəqin, siz də o xoşbəxt müəlliflərdənsiniz. Sizin şeirlərə yazılan statusları mən də izləyirəm. Həmişə də eyni sual məni düşündürür:-görəsən, sizə “şair, ürəyim yandı” yazan olubmu?
– Çox simvolik bir sualdır. Cavanlar adətən, sevgi, nakam məhəbbətdən olan şeirləri çox sevirlər. Mənə ürəyi yanan da olub, oxuyub, ürəyi yanan da.
– Eltun Türkel kitab müəllifi olmaq xoşbəxtliyinə nail ola bilibmi? Hansı kitabları ilə oxucularını sevindirə bilib şair?
– Bəli, olmuşam. 2018-ci ilin dekabr ayında “YANAN XATİRƏLƏR” adlı ilk kitabım işıq üzü görüb. Daha sonra 2019-cu ilin mart ayında “ASKEF”-in layihəsi olan “TÜRK DÜNYASI ŞİİR SEÇKİSİ” adlı almanaxda 7 şeirim dərc olundu. Bu mənim üçün uğurlu bir addım hesab olunurdu. 30 dövlətin qatıldığı bu almanaxda şeirlərimin dərc olunmasında AYB-in Gəncə bölməsinin sədri Xəzangül xanımın xüsusi dəstəyi oldu.
– Sizi tez-tez televiziya ekranlarında görürük.Şair ən çox hansı məqamlarla yadda qalır, musiqiçi, şair, yoxsa, sadəcə Gəncədən olan yazar qismində?
– Əlbəttə ki, şair qismində. Mən televiziya verlişlərində musiqiçi kimi iştirak etməmişəm, etmək də istəməzdim. Çünki, musiqiçiliyi mən maddi maraqlarım üçün istifadə edirəm, poeziya isə mənim üçün mənəviyyatdır.
– Orijinal bir sual:- Şair olmaq üçün birinci, şəxsiyyət olmaq lazımdır, yoxsa, qələm sahibi? Çox şairlər tanıyırıq ki, “qələm”i var, istedadı var, amma, şəxsiyyəti yoxdur. Şair üçün dürüst olan ən ali, ülvi söz nədir?
– Maraqlı sual oldu. Belə cavab verərdim bu suala. Şəxsiyyət olmaq insanın öz əlindədir, şair olmaq isə Allahın əlindədir. Bir əlavə də edim ki, hansı sahə olursa olsun, o sahədə insan şəxsiyyət kimi tanınmasa, tutduğu yolda uğur əldə edə bilməz. Şair üçün ən dürüst söz isə yerində və məqamında işlətdiyi sözdür.
– Müasir şairlərlə ötən əsrlərin şairləri arasında hansı fərqləri görürsünüz? Müasir şairlərdə hansı gözəl məziyyətləri daha çox görmək istərdiniz? Daha çox sevilməyi, yoxsa, daha çox oxunmağı?
– Ötən əsrin şairləri ilə hal-hazırdakı şairlərdə fərq, təbii ki, var. Ötən əsrdə texnologiya bu günkü qədər inkişaf etmədiyi üçün onları ancaq qələmləri tanıda bilərdi, bu gün isə sosial şəbəkələr, televiziya kanalları yetərincə var. Və oxucunun nəzərinə çarpmaq çox asandır. Mən isə oxunmaqla yadda qalmaq istərdim, oxunuramsa, demək, seviləcəyəm…
Ruhulla Zahidov, yazıçı-jurnalist.
.