Elm və təhsilimizin müstəqillik problemləri

Sovet Vaxtı ölkəmizdə elm və təhsilin səviyyəsi bu günlə müqayisədə xeyli yüksək idi.
Çünki, elm və təhsilimiz böyük bir ölkənin  elm və təhsilinin  tərkib hissə kimi formalaşmış və inkişaf edirdi.  O dövrdə  bu yönlü bütün islahatlar tanınmış mütəxəssislər tərəfindən  Moskvanın böyük elmi  mərkəzlərində layihələnir, icrasına  nəzarət edilirdi. Maliyyələşməsi normal səviyyədə təmin edilirdi.   Elm və təhsilimiz böyük  ölkənin elm və təhsilinin tərkib hissəsi kimi də idarə edilirdi. Strateji planlama da mərkəzdə hazırlanırdı. Biz sadəcə icraçı idik, sonda da illik və 5 illik hesabat verirdik. Sanki, olduğumuz vaqon  bir eşalonun tərkibində, güclü lokomotivin təsiri ilə irəliləyirdi.  Müstəqillik illərində bu vaqon eşalondan ayrıldı. Özümüz lokomotiv tapmalı, istiqamət müəyyən etməli, öz  yeni yolumuzu salmalı  idik.   Artıq bizim elm və təhsil böyük dövlətin tərkibində yox, kiçik suveren dövlətin elm və təhsili kimi fəaliyyət göstərməli idi. İndi pioritetlər dəyişməli  idi.
  Amma sanki, kompassız idik.  Artıq elmin və təhsilin  konsepsiyası, strategiyası tam fərqli formatda hazırlanmalı idi. Necə ki, iqtisadiyyatımız ittifaq iqtisadiyyatından ayrılıb, müstəqil dövlətin  iqtisadiyyatı kimi formalaşmalı və inkişaf etməli idi,  eləcə də elm və təhsilimiz  müstəqil  formalaşmalı və inkişaf etməli idi.  Bunun üçün ölkədə yeni formalaşan iqtisadi  mühitdə elmin  rolu, məqsədi, prioritetləri konkretləşməli, müvafiq struktur formalaşmalı idi. Elm bazar iqtisadiyyatı tələblərinə uyğunlaşmalı idi.  Amma elmin strukturu sovet dönəmində olduğu kimi qaldı. Bir birinə çox yaxın fəaliyyət sahəsi olan elmi institutlar AMEA-da  öz işini  davam etdirirdilər,  yəni,  AMEA-da çox az dəyişiklik edildi. Sanki, elmimiz planlı sovet iqtisadiyyatı  şəraitində  fəaliyyət göstərir. Hələ bu gün də akademik elmimiz iqtisadiyyata  tam  inteqrasiya oluna bilməyıb.  Elmi işlərə iqtisadiyyat sektorundan sifarişlər gəlmir, biznes elmə dəstək vermir.
Ümid  yalnız büdcəyə qalıb.  Çox sonralar (müstəqilliyin 18-ci ilində) qəbul edilmiş elmin inkişaf strategiyası da bu məsələləri kifayət qədər konkretləşdirə,  dönüş yarada bilmədi.  İllər ərzində elmin maliyyələşməsi çox  zəif (normadan 10 dəfə az) aparıldı. Bu gün gec də olsa, bu məsələlərə yenidən  baxılmalı,  elmin ölkə iqtisadiyyatının elmi təminatına çevrilməsinə şərait yaradılmalıdır.   Biliyə əsaslanan iqtisadiyyat dövründə bu  daha da aktuallaşır.
 Biz  heç təhsilimizi  də  təəssüf ki, bu 30 ildə formalaşdıra bilmədik. Müstəqil ölkənin   elm və təhsili onun milli təhlükəsizliyinin mühüm amili olduğu halda, bunun məsuliyyətini  elm və təhsildə rəhbər  vəzifə tutanlar lazımı səvlyyədə  qiymətləndirə  bilmədilər. Normal,   uzun illər ərzində özünü yaxşı tərəfdən göstərən, öz dövrünün mütərəqqi təhsil sistemini  dağıtdıq, yerində nə qurmaq istədiyimizi bilmədik, heç bu gün də  bunu  dəqiq bilmirik.
Akademik  Kolmoqorov kimi alimin  illərlə  sınaqdan çıxmış riyaziyyat  dərsliklərini məktəbdən çıxarıb, məktəb  riyaziyyatına az bələd olan müəlliflərin çiy və  normal sınaqdan çıxmayan dərsliklərini məktəbə gətirdik.
Sovet vaxtı belə,  biz müstəqil surətdə  təhsil islahatı aparmağa  qadir olmadığımız halda (təcrübə  və resurs  çatışmazlığı v.s. səbəblərdən), müstəqillik illərində heç bir hazırlıq işləri aparmadan,  səviyyəli komandalar  yaratmadan  bu ağır yükün altına girdik.
Ali təhsildə də xeyli problemlərimiz var. Nə Boloniya prosesində, nə təhsilin rəqəmsallaşmasında, nə distant təhsilin yaradılmasında, nə təhsilimiz üçün yeni olan magistratura  pilləsində,  nə TƏDQİQAT  UNİVERSİTETLƏRİ yaratmaq istiqamətində  ciddi nailiyyətimiz olmadı.
Bütün bu məsələlər çox dərin təhlil və planlama tələb edir. Bu məqsədlə  vaxt  itirmədən yüksək səviyyəli peşəkarların iştirakı ilə komissiyalar  yaradılmalı və konkret  işlər görülməlidir. Bəlkə də hələ gec deyil.
 İlham Əhmədov, dosent, təhsil eksperti. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.