Eldar Əzizovdan zeytun bağı hasara alınmasına reaksiya

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağacın olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Virtualaz.org-a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.
“Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”, – Bakı meriyasının mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.

Xatırladaq ki, 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində “Neftmaştəmir” ASC ilə üzbəüz yerləşən zeytun bağı təxminən 10-12 gün əvvəl zəbt olunub və hündür hasara alınıb. İçəridə kafe tikintisinə hazırlıq aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ərazidə araşdırma aparıb, zeytun bağının qanunsuz hasarlandığı təsbit olunub və nazirlik tərəfindən hasarın təcili sökülməsi barədə həm rayon İcra Hakimiyyətinə, həm Bakı şəhər İcra Hakimiyyətinə təcili telefonoqram göndərilib. Sabunçu rayon İcra Hakimiyyətindən isə ərazini hasarlayanların gah “sovet dövründə alınmış qanuni sənədlərinin” olduğunu, gah da 2000-ci ildə yerli bələdiyyədən bu ərazini uzunmüddətli icarəyə götürdüklərini deyiblər. Hansı ki, zeytunluq sahəsi bələdiyyə mülkiyyəti deyil.

Sakinlər deyirlər ki, həmin zeytunluğun bir hissəsini bir neçə il əvvəl zəbt edib orada kafe açıblar. İndi hasarı çəkənlər də həmin kafenin sahibləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.