Bakı Dövlət Universitetinin ev sahibliyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin Milli Debat Proqramı və BDU THİK-in dəstəyi, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klublarının təşkilatçılığı ilə aprelin 15-də “Gəl qaytar cavanlığımı” adlı debat klublararası dostluq turnirinin final və bağlanış mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Jalə Əhmədova və Naqif Həmzəyev, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, qonaqlar və debatçılar iştirak edib.
Layihənin məqsədi iki universitetin (BDU və AZMİU) debatçıları arasında əlaqələri gücləndirmək, debat mədəniyyətinin inkişafına və gənclərin natiqlik bacarıqlarının artırılmasına töhfə verməkdir.
Tədbir çərçivəsində turnirin final mərhələsinə vəsiqə qazanan “Yarı Zarafat -” və “Etiraz” komandaları arasında debat aparılıb.
Qrup və seçmə mərhələsi 8-9 aprel tarixində “Təhsil və səhiyyə xidmətləri hər kəsə ödənişsiz göstərilməlidir” mövzusunda keçirilən debatlarda azərbaycan və rus bölməsi üzrə ümumilikdə 43 komanda, 150-dən çox gənc iştirak edib.
Turnirin qalibləri təcrübəli debat hakimlərinin qərarına əsasən azərbaycan bölməsi üzrə “Etiraz” komandası (Xəyal Hüseynli, Zeynəb Həsənova, Cahangir Yusifov), rus bölməsi üzrə isə “Şuşanın dağları” komandası (Nigar Orucova, İradə Hacıyeva, Nərmin Kazım) qalib gəlib.
Turnirin azərbaycan bölməsi üzrə ən yaxşı natiqi İlazə Cavadova, ən yaxşı məşqçisi Səyyad Məmmədsalahov, ən yaxşı hakimi Toğrul Kazımlı, rus bölməsi üzrə isə ən yaxşı natiqi Nərmin Kazım ən yaxşı məşqçisi Ülkər Rəsulzadə, ən yaxşı hakimi Elşad Mahmudov olub.
Tədbirin sonunda finalçı və qalib komandalar, ən yaxşı natiqlər mükafatlandırılıb.