“Onlayn Dünya Florası” (WFO) konsorsiuma üzv təşkilatları şurasının Zoom platforması üzərindən növbəti onlayn iclası keçirilib.
Şuranın iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, dosent Rəşad Səlimov da iştirak edib.
İclasda Taksonomik Ekspert Şəbəkələrinin (TEN) çiçəkli bitkilərin təsnifatına dair nomenklatur düzəlişlər, veb portalda taksonomik məlumatların emalı və rəqəmsallaşmasının yenilənmələri, qarşıda duran yeni vəzifələr haqqında məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.
R. Səlimov bəzi təşkilatların veb bazalarında ölkəmizin ərazisi və florasına aid məlumatların təhrif olunduğunu, bu tipli məlumatların istifadəsinin yolverilməzliyini diqqətə çatdırıb. WFO şurasının həmsədrləri Prof. Dr Peter Wyse Jackson və Prof. Dr Pierre-André Loizeau, həmçinin digər iştirakçılar qaldırılan məsələ ilə əlaqədar həmfikir olduqlarını bidliriblər. Yüksək səviyyəli elmi tədbirdə azərbaycanlı aliminin vətəndaş və elmi mövqeyini çatdırması indiki məqam üçün çox vacibdir.
Qeyd edək ki, Dünya Florası Onlayn konsorsiumu ABŞ-ın Missuri və Nyu-York Botanika Bağları, eləcə də Böyuk Britaniyanın Kyu və Edinburq Kral Botanika Bağları tərəfindən 2012-ci ildə birgə təsis olunub və BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (GSPC) ilk hədəfinin həyata keçirilməsinin təşviqi üçün qlobal təşəbbüsçüsü hesab olunur.
2016-cı ildən konsorsiumda bərabərhüquqlu üzv kimi təmsil olunan Botanika İnstitutunun alimlərinin bu kimi yüksək səviyyəli platformada iştirakı bitkilərin mövcud müasir təsnifat və nomenklaturaya uyğun Azərbaycan üzrə onlayn taksonomik resurslarının və floranın yenilənməsi mexanizminin işlənib-hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.