… XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.
… Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Hakimiyyətdə olan bəzi rəhbər şəxslər hətta dövlətin milli təhlükəsziliyinə, maraqlarına zərər verən hərəkətlər edərdi. O dövrdə Baş nazirin hüquqi sədləri tapdalayaraq dövlətin məxfi sənədlərini oğurlaması və bu cinayət əməlinə görə, rəhbərlik tərəfindən heç bir tədbir görülməməsi dövlət aparatının hansı vəziyyətdə olmasını təsdiqləyən adi faktlardan biridir.
… O dövrdə Azərbaycanın bütün şəhər, rayon, kənd və qəsəbələrindən Naxçıvan MR Ali Məclisinə – Heydər Əliyevə on minlərlə adamın imzaladığı teleqramlar, məktublar, müraciətlər axışıb gəlirdi. Bütün bunlar dünyada tanınan böyük siyasi xadim Heydər Əliyevə xalq məhəbbətinin, xalq inamının böyüklüyünü göstərirdi. Xalq Azərbaycanın bu böyük oğlunun siyasi uzaqgörənliyinə, təcrübəsinə, qabiliyyətinə, biliyinə inanır və onu qiymətləndirirdi. Xalq inamının, ümidinin itdiyi bir vaxtda Heydər Əliyevə güvənc yeri kimi baxırdı.
…Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olduğuna, canından əziz Vətəni sonsuz məhəbbətlə sevdiyinə, yenidən bərpa olunmuş müstəqil ölkənin yad qüvvələrin işğalına düşməsini qətiyyən qəbul edə bilmədiyinə və ölkədə qardaş qırğınının, vətəndaş müharibəsinin baş verməsinə qətiyyət yol verməyə razı olmadığına görə ölkəyə rəhbərliyi qəbul etdi. Vətənin ən cəsur oğlu, böyük vətənpərvər Heydər Əliyev təbii ki, xalqın bu ağır günündə heç vaxt kənarda qala bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
… Heydər Əliyev ilk növbədə Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün qətiyyətli və prinsipial addımlar atdı, həyatını təhlükəyə qoyaraq qan qoxuyan bölgəyə- Gəncəyə yollandı. Onun müdrikliyi, xarizması, siyasi məharəti sayəsində qısa müddətdə qardaş qırğınının, ölkənin parçalanmaq təhlükəsinin qarşısı alındı. Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtardı.
… Ölkədə Qurtuluş Hərəkatı uğurla başa çatdı və 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkə tarixinə Milli Qurtuluş Günü kimi möhtəşəm gün qızıl hərflərlə yazıldı.
… 1993-cü il iyunun 15-də Milli Məclisdə çıxış edən Heydər Əliyev bildirirdi ki,
Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.
…15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.