Dövlət maraqlarının müdafiəsində əsas şərtlər hansılardır? – Maarifləndirmə, təbliğat… – TƏHLİL

Ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir. Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Maraq məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən irəli gəlir. O özündə ölkənin coğrafi vəziyyətini, sərvətlərlə təminatını, əhalinin milli, irqi strukturunu, daxili dövlət quruluşunu da ehtiva edir. Bu məsələlər qanunvericiliklə də ciddi şəkildə tənzimlənir. Belə ki, ölkəmizdə ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb. Təbii ki, həyata keçirilən islahatlar dövlət maraqlarının daha güclü qorunmasına xidmət edir. Dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği əsas vəzifələrdən biridir. İctimaiyyət və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maarifləndirilməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılır:

“Burada daxili siyasətlə xarici siyasət arasında da bir bağlılıq var. Məlumdur ki, xarici siyasət daxili siyasətdən qaynaqlanır. Ölkədə ictimai-siyasi mühit, təhlükəsizlik seqmenti, hakimiyyət və xalq birliyi nə qədər güclüdürsə, bu, özünü xarici siyasətdə büruzə verir. Vətən müharibəsində Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirdi, birlik və həmrəylik müşahidə olundu. Bunun nəticəsidir ki, 30 il ərzində işğal altında olan tarixi torpaqlarımız azad olundu.

Bu gün dövlət maraqlarının ən yüksək səviyyədə qorunması istiqamətində siyasət davam etdirilir. Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını beynəlxalq platformalarda qətiyyətlə qoruyur. Eyni zamanda hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh danışıqları kontekstində bütün müstəvidə uğurla çıxış edir. Mövcud şəraitdə Avropa İttifaqı, eləcə də Rusiyanın vasitəçiliyi ilə çox gərgin danışıqların əsas qayəsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından ibarətdir. Bu, Azərbaycanın sülh gündəliyi ilə uyğunluq təşkil edir. Fikrimcə, dövlət maraqları hər zaman ən uca zirvədə olmalıdır. İctimai fəal şəxslər, media nümayəndələri, millət vəkilləri və ölkəmizi təmsil edən istənilən şəxs ictimai və dövlət maraqlarını daim düşünməlidirlər. Onlar unutmamalıdır ki, hər addımlarında Azərbaycanı təmsil edirlər. Nəzərə alaq ki, hələ də torpaqlarımıza düşmən gözü ilə baxan, ölkəmizə qarşı məkrli planlar quran güc mərkəzləri qüvvələr var. Ona görə də bu gün hər zamankından daha həmrəy olmalıyıq ki, məkrli niyyətləri dəf edə bilək. Postmüharibə reallıqları kontekstində daha da güclü olmalıyıq. Bu məsələdə qardaş Türkiyənin Azərbaycana yardımları, mənəvi və siyasi dəstəkləri də əvəzolunmaz dərəcədə kömək olur”.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov isə öz növbəsində qeyd edib ki, ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində atılan addımlar hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilməlidir:

“Bu məsələdə region ölkələri, o cümlədən eyni tarixi yaşayan və coğrafiyanı paylaşan dövlətlərin, ictimaiyyətlərin vəziyyətinə nəzər yetirmək lazımdır. Bu kontekstdə ictimai maraqlarla dövlət maraqlarının üst-üstə düşməsi heç də hər zaman baş tutmur. Bəzi zamanlarda bu maraqlar toqquşur və fərqli şəkildə inkişaf edir. İctimaiyyətə isə daha çox sosial və iqtisadi sabitlik lazımdır, xarici siyasətlə bağlı dövlətin siyasi qərarları həmin vətəndaşların maarqlarına cavab vermir. Nəticədə dövlətin qəbul etdiyi qərarlar vətəndaşların həyatlarına çox pis təsir edir, müharibə və hərbi əməliyyatların yaranmasına səbəb olur. Azərbaycanda xarici siyasət vektoru və daxildəki ideoloji istiqamətlərlə bağlı demək olar ki, həmrəylik mövcuddur. Belə ki, ayrı-ayrı sosial qrupların, dini birliklərin, etnik qrupların, vətəndaş cəmiyyətinin ayrı-ayrı üzvlərinin dövlətin apardığı siyasi ideyaya dəstəyi və hakimiyyət tərəfindən yürüdülən ideoloji baxış bucağının vətəndaşlar tərəfindən dəstəklənməsi müşahidə olunur. Əlbəttə, bu proses uzun zaman tələb edirdi. Çünki olduqca vacib və həssas bir məqam idi. Azərbaycan dövləti elə vətəndaşlar yetişdirməyə başladı ki, onlar azərbaycançılığın, türkçülüyün və Qarabağla bağlı vəziyyəti çox dərindən dərk ediblər. Onu da qeyd edim ki, Azərbaycan olduqca çətin bir coğrafiyada yerləşir. Azərbaycan ictimaiyyətinə yaxın qonşularla yanaşı, uzaqda olan bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təsir cəhdləri kifayət qədər sıx baş verir. Lakin buna baxmayaraq, xarici sərhədlərdən gələn təsirlər dövlət tərəfindən vaxtında dəf edilir. Bu baxımdan 44 günlük müharibədə də həmrəy olduq və bundan sonra da həmrəyliyimiz davam edəcək”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.