Təhsil Nazirliyində Dövlət Bayrağı Gününə həsr olunmuş onlayn seminar keçirilib

Noyabrın 7-də  Təhsil Nazirliyi yanında İctimai Şura və T-NETWORK platformasının birgə təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçirilib.

Seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Dövlət Bayraq Gününə həsr olunan tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Türkiyə Cümhuriyyəti Milli Təhsil nazirinin məsləhətçisi Erhan Angın,  Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, “Milliyet” qəzetinin təhsil şöbəsinin redaktoru Abbas Güçlü, Fide Okullarının yaradıcısı Ali Koç, qabaqcıl müəllim və yazıçı Ahmet Naç, Xocalı rayon Yaloba kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərhad Quluzadə iştirak edib. Seminarın moderatoru  T-NETWORK-un koordinatoru Cəfər Mənsimi və eyni adlı platformanın tədqiqat və inkişaf üzrə baş mütəxəssisi, təhsil eksperti Qoşqar Məhərrəmovdur.

Qeyd edək ki, T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platforması “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istiqamətlərindən biri olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi bəndinə əsaslanır və strategiyanın təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi məqsədinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.