Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dama ithaf” tamaşası yenidən nümayiş olunacaq

14 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dama ithaf” tamaşası yenidən nümayiş olunacaq.
Böyük fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu rejissor Samir Qulamova məxsus olan bu tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Teatr bu səhnə əsərini bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edib.

Təkcə Fransız ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatı tarixində roman janrının yaradıcısı sayılan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanlarının taleyi uzun illərdir ki, yer kürəsinin müxtəlif qitələrində yaşayan milyonlarla oxucu və tamaşaçını maraqlandırır, düşündürür.
Müxtəlif ölkələrin ən məşhur teatrları dönə-dönə bu əsərə müraciət edir, tanınmış kinorejissorlar sevimli qəhrəmanlarını daha geniş auditoriya təqdim etmək niyyəti ilə onların səhnə və ekran həyatını yaradırlar.
“Paris Notr-Dam kilsəsi” və ya “Notr-Damlı Qozbel” adları ilə məşhur olan tamaşa və filmlərin yüz milyonlarla tamaşaçısı var.

Akademik Musiqili Teatrın təqdim etdiyi bu səhnə əsərində “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların – Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Qeyd edək ki, bu möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist – Nadir Xasıyev, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edirlər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı teatrsevərlərin hədsiz marağını nəzərə alaraq 26 yanvar 2020-ci il tarixində saat 19:00-da “Paris Notr-Dama ithaf” tamaşasını yenidən nümayiş etdirəcək.

Fəridə Aslanova,  Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.