DİM tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 və 13 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən verilən xəbərə görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanda iştirak edəcək şagirdlər  “İmtahanda buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 2-dən etibarən çap edib götürə bilərlər.

İmtahanlar 12-13 mart tarixlərində respublikanın 31 şəhər və rayonunda keçiriləcək.

Martın 12-də keçiriləcək imtahanlarda 26697, martın 13-da keçiriləcək imtahanlarda isə 19418 nəfər olmaqla, ümumilikdə 46115 şagirdin iştirakı nəzərdə tutulur.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib. İmtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.