Deputatlığa namizəd Elza Seyidcahana taxta ilə ilə vurublar

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatığa namizəd, Əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı sosial şəbəkədə video paylaşıb. Video-görüntüdə onun xəsarət aldığı bildirilib.

Modern.az hadisənin təfərrüatlarını öyrənmək üçün müğənninin kürəkəni Elxan Əlisatovla əlaqə saxlayıb.

Elxan Əlisatov Elza Seyidcahanın döyülməsini təsdiq edib:

“Elza xanımın döyülməsinin səbəbi bu oldu ki, seçki günü bir qadın seçki saxtakarlığı etməyə cəhd göstərib. Bunu da Elza xanımın bacısı Mehriban Məhərrəm görüb. Dərhal həmin bülleteni qadından almaq istəyəndə, seçki məntəqəsinin sədri və məntəqə üzvü olan bir qadın Mehriban xanıma hücum çəkdilər. Əsas odur ki, Mehriban xanım həmin bülletenləri ala bildi. Seçki məntəqəsinin sədri Mehriban xanımı döydü, qadın da taxta ilə Elza xanımın əllərinə və ayaqlarına vururdu. Elza xanım bülletenləri götürüb qaçmağa nail oldu. Ancaq bacısı məntəqə sədrinin əlindən qurtula bilmədi, onu bərk döydülər. Hücum olunan zaman mən dərhal 102-yə zəng etdim. Hətta döyülmə faktı ilə xala polis bölməsində ərizə də yazıb. Ekspertizadan da keçib. Hazırda həmin bülletenlər əlimizdədir, fikirləşirik ki, onları MSK-ya təqdim edək”.

Söhbət zamanı Elxan Əlisatov sosial şəbəkələrdə Elza Seyidcahanın adından yayılan şeirin müğənniyə aid olmadığını da söyləyib:

“Sosial şəbəkələrdə paylaşılan şeir Elza xanıma aid deyil. Əslində seçki ərəfəsi idi, o şeiri mənə bir jurnalist göndərdi ki, bu Elza xanımındır? Yəni hər kəsə bildirmək istəyirik ki, bu şeirin Elza xanımla heç bir əlaqəsi yoxdur. İndi biri yazıb, hamı da elə bilir ki, bu şeir Elza xanıma məxsusdur. Bir düşünün, xəstə adam necə ola bilər ki, o dəqiqə şeir yazsın. Həqiqəti əks etdirmir”.

Elxan Əlisatov Əməkdar artistin səhhətindən də danışıb:

“Seçki günü demək olar ki, yatmadı. Səhər saat 6 olardı, Elza xanımın halı qəflətən pisləşdi. Qızdırması var idi, hiss etdik ki, nəfəs ala bilmir, qıcolmalar başladı, qəflətən təzyiqi yüksəldi. Artıq gördük ki, vəziyyəti yaxşı deyil, təcili tibbi yardım maşını ilə Şabrandan Bakıya gətirdik. Hazırda xəstəxanada müalicə alır. Dünənki vəziyyətinə nisbətən bu gün özünü bir az yaxşı hiss edir. Çünki özü çox həssas bir xanımdır, ona edilən haqsızlıqla da barışa bilmədi. Seçiləcəyinə çox inanırdı, bu saxtkarlıq sanki onu çökdürdü, həzm edə bilmədi”, – deyə Elxan Əlisatov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.