Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında “Dayanıqlı inkişaf: problemlər və perspektivlər-2019” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, UNEC-in rektoru Ədalət Muradov və SABAH qruplarının müəllim-tələbə heyəti iştirak edib.
Konfransda çıxış edən Ədalət Muradov SABAH qrupları layihəsini Azərbaycan ali təhsil sisteminin uğurlu modeli adlandırıb. SABAH tələbələrinin təxminən üçdə birinin UNEC-də təhsil aldığını deyən rektor təhsil müəssisəsində SABAH modelinin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Ədalət Muradov həmçinin UNEC tələbələrinin uğurlarından söz açıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın aktual mövzuya həsr olunduğuna diqqət çəkərək dayanıqlı inkişafın məqsədlərindən, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Nazir müavini bildirib ki, SABAH layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış bir təhsil modelidir.
SABAH qruplarının əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir müavini bu qrupların gənclər üçün açdığı imkanları diqqətə çatdırıb.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov da öz növbəsində tələbələrin elmi fəaliyyətə maraqlarının artmasını yüksək qiymətləndirərək, bunun onların gələcək fəaliyyətlərində, araşdırma qabiliyyətlərinin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirib.Konfransın mövzusunun aktual xarakter daşıdığını qeyd edən Hüseyn Hüseynov dayanıqlı inkişaf üzrə milli prioritetlərdən və onlara dair göstəricilərin müəyyən edilməsindən bəhs edib.
Konfransın plenar iclasında IV kurs tələbəsi Aydın İsmayilov “Dayanıqlı inkişafda müasir kommersiya banklarının biznes sahəsində perspektivləri”, Xəyal Məmmədli “Development of social media marketing campaign for small businesses” mövzularında çıxış ediblər.
Plenar iclasın yekunundan sonra konfrans üç bölmə üzrə davam etdirilib.
Sonda Macarıstan, Polşa, Belarusiya, İtalya, İngiltərə, Almaniya və digər ölkələrdən həm xarici, həm də yerli məzunlar tərəfindən konfransa təqdim olunan məqalələrdən 50-i sertifikatla mükafatlandırılıb.