Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət nəşr olunub.

Layihənin reallaşmasında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin və Özbəkistanın milli elmlər akademiyalarının dilçilik institutları, hər iki ölkənin bu sahədə çalışan alimləri yaxından iştirak ediblər.

Qeyd edək ki, lüğət Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarları ilə nəşr olunub.

Layihənin rəhbəri, eyni zamanda, “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərtibçi müəlliflər isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, özbək ədəbiyyatşünas, dilşünas alim Babaxan Məhəmməd Şərif, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, şərqşünas-filoloq Şahista Kamranlıdır.

Nəşrin rəyçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutu “Lüğətşünaslıq” şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Abduvahab Mədvəliyev, elmi məsləhətçilər isə AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.

Redaksiya heyətində Azərbaycan və Özbəkistandan bir sıra tanınmış alimləri – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Sona Vəliyeva, filologiya elmləri namizədi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, filologiya elmləri namizədi, dosent Şahina İbrahimova, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iştirak ediblər.

Qeyd edək ki, lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilib, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.